İranın nüvə proqramını bərpa planı-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 19:58 05.11.2025

İranın nüvə fəaliyyətini bərpa etməyə yönəlmiş planları və onlarla bağlı beynəlxalq qarşılıqlı addımlar region və iqtisadiyyat səviyyəsində bir sıra ciddi təsirləri gündəmə gətirib.

 

Mövzu ilə bağlı siyasi şərhçi Asif Nərimanlı “İnformator.az”a bildirib ki, İranın nüvə proqramının bərpası həm ölkə, həm də region üçün ciddi təhlükə yaradır:

 

“İndiyə qədər aparılan danışıqların nəticə verməməsi fonunda bəzi dövlətlər, xüsusilə İsrail, bu prosesi hərbi yolla dayandırmağa çalışdı. 12 günlük müharibə zamanı İranın nüvə obyektlərinə zərbələr endirilsə də, nüvə infrastrukturu tamamilə məhv edilmədi. Tehran isə rəsmi şəkildə bəyan edib ki, nüvə fəaliyyətindən imtina etmək niyyətində deyil. Əslində, İran üçün nüvə proqramı onun xarici siyasətinin mərkəzi istiqamətidir. İranın bu siyasəti “dinc məqsədli nüvə enerji proqramı” kimi təqdim etməsi beynəlxalq ictimaiyyəti inandıra bilmir. Əksinə, bu addım regionda yeni hərbi qarşıdurma ehtimalını artırır. İranın nüvə proqramının davam etdirilməsi sanksiyaların daha da sərtləşməsinə gətirib çıxaracaq. Bununla yanaşı, region ölkələrində - xüsusilə İsrail, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərində - təhlükəsizlik narahatlıqları daha da güclənəcək. İkinci bir müharibə ssenarisi baş verərsə, İranın nüvə potensialının tamamilə aradan qaldırılması ehtimalı yüksəkdir. İran bu risklər fonunda iqtisadi alternativlər axtarır və yeni bazarlara çıxış imkanlarını genişləndirməyə çalışır. İran rəhbərliyi sanksiyaların təsirini azaltmaq üçün Asiya və Afrika bazarlarına yönəlir. Rusiya və Çinlə əməkdaşlıq bu istiqamətdə əsas dayaqlardan biri hesab olunur. Bununla da Tehran Qərbin təzyiqlərinə qarşı iqtisadi tarazlıq yaratmaq niyyətindədir”.

 

Fatimə Hüseynli