“Qarabağ FK” - "Chelsea" oyununda biletlərin qanunsuz satışı
Bölmə: İdman ›
,
Tarix: 20:00 05.11.2025
Əsas mərhələnin IV turu çərçivəsində keçiriləcək “Qarabağ FK” - “Chelsea FC” matçı üçün biletlərin qeyri-rəsmi bazarda yüksək qiymətlərlə satılması faktı klub və hüquq-mühafizə orqanlarının nəzarətinə keçib.
Mövzu ilə bağlı idman eksperti Kənan Məstəliyev “İnformator.az”a bildirib ki, bilet alveri və “qara bazar” problemi təkcə Azərbaycana məxsus deyil, dünyanın ən yüksək səviyyəli futbol turnirlərində belə müşahidə olunur:
“Hətta Avropa çempionatlarının və dünya çempionatı finallarının biletlərində belə qara bazar aktiv şəkildə işləyir. Əvvəlcədən alınan biletlərin daha baha qiymətə satılması artıq beynəlxalq turnirlərin qaçılmaz reallığına çevrilib. Bu prosesin tam qarşısını almaq çətin olsa da, onun təsirini azaltmaq mümkündür. “Qarabağ FK” rəhbərliyi bu istiqamətdə müəyyən tədbirlər görür və hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edir. Klub artıq Daxili İşlər Nazirliyinə müraciət edib və qanunsuz satışla məşğul olan şəxslərin müəyyənləşdirilməsi istiqamətində addımlar atılıb. Bundan başqa, bilet satış sistemində texniki yeniliklər tətbiq olunub ki, bir şəxs çoxlu sayda bilet ala bilməsin. “Çempionlar Liqası” kimi nüfuzlu turnirlərin biletləri hər zaman böyük maraq doğurur, lakin bu maraq qara bazar üçün fürsət yaradır. “Qarabağ FK”nin gördüyü tədbirlər optimal istiqamətdədir və bu addımlar həm azarkeşlərin maraqlarını, həm də klubun nüfuzunu qorumağa yönəlib. Ən əsas məsələ şəffaf satış mexanizmini qorumaqdır. Klubun atdığı addımlar göstərir ki, bu istiqamətdə işlər təkcə bugünkü oyun üçün deyil, gələcək matçlar üçün də davam etdiriləcək”.
Fatimə Hüseynli


