Qlobal iqtisadi artımın zəifləməsi və onun dünya bazarlarına təsiri

Bölmə: İqtisadiyyat › ,
Tarix: 20:02 05.11.2025

Son dövrlərdə qlobal iqtisadiyyatın artım tempi sabit şəkildə zəifləyir. Beynəlxalq Valyuta Fondu (BVF) və Organisation for Economic Co‑operation and Development (OECD) kimi qurumlar fərqli hesabatlarında bu trendə dair xəbərdarlıqlar ediblər.

 

Mövzu ilə bağlı iqtisadçı ekspert Əkrəm Həsənov “İnformator.az”a bildirib ki, qlobal iqtisadi artımın zəifləməsinin kökündə bir neçə mühüm makroiqtisadi və geosiyasi amil dayanır:

 

“Əsas siyasi amil geosiyasi qarşıdurmaların artmasıdır. Böyük güclər arasında ticarət və enerji bazarlarında yaranan gərginliklər dünya iqtisadi fəaliyyətinə birbaşa mənfi təsir göstərir. Digər mühüm amil isə dünyadakı iqtisadi bərabərsizlik və maliyyə sektorunun real sektoru üstələməsidir. Kapitalın mühüm hissəsi real istehsala yönəlmir, maliyyə bazarlarında ‘boş dövriyyə’ kimi qalır. Bu da qlobal iqtisadiyyatda ciddi disbalans yaradır. Belə bir vəziyyət xüsusilə inkişaf etmiş ölkələr üçün problem yaradır. Çünki real sektorun zəifləməsi istehsal həcminin azalmasına, istehlak və investisiya göstəricilərinin isə ləngiməsinə səbəb olur. İnkişaf etmiş ölkələrdə istehsal resursları əsasən maliyyə bazarlarına yönəldiyi üçün xammal və real istehsalın payı azalır. Nəticədə bu ölkələr daha çox resurs asılılığı olan və inkişaf etməkdə olan ölkələrə təzyiq göstərir. Beləliklə, zəngin və kasıb iqtisadiyyatlar arasındakı fərq daha da dərinləşir”.

 

Fatimə Hüseynli