Putin bu gün Uitkoff və Trampın kürəkəni Kuşnerlə görüşəcək
Bölmə: Dünya ›
,
Tarix: 22:35 02.12.2025
Rusiya Prezidenti Vladimir Putin bu gün ABŞ nümayəndə heyəti ilə görüşəcək. Bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib. Onun sözlərinə görə, görüş lazım olduğu qədər davam edəcək və tərəflər arasında geniş müzakirələrin aparılması gözlənilir. Peskov bildirib ki, Kremldə keçiriləcək görüşdə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni, müşaviri Cared Kuşner iştirak edəcək.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Aytən Qurbanova bildirib ki, düşünür ki, bu görüş Rusiya–Ukrayna müharibəsi ilə bağlı danışıqlar prosesində növbəti bir mərhələnin başlanğıcı ola bilər:
"Xüsusilə də Birləşmiş Ərəb Əmirlikləri tərəfindən irəli sürülən əvvəl 28, daha sonra 14 bəndlik sülh planının həyata keçirilməsi ilə bağlı Rusiyanın mövqeyinin öyrənilməsi və bu istiqamətdə mümkün müzakirələrin aparılması önəmli addım hesab oluna bilər.
Amma ümumilikdə sülh planının reallaşması və ya bu mərhələdə Rusiya ilə Ukrayna arasında birbaşa müqavilənin imzalanması hələlik mümkün görünmür. Bu səbəbdən, aralıq müqavilə və ya atəşkəs formatında yeni müzakirələrin aparılması ehtimalı daha real görünür.
Digər tərəfdən, Rusiyanın maksimalist mövqeyində hansısa güzəştlərə getməsi də ABŞ nümayəndə heyətinin diqqət mərkəzində olan əsas məsələlərdəndir. Çünki Rusiya sülh planına baxmayaraq, işğalçı siyasətindən və maksimalist tələblərindən geri çəkilmir.
Ona görə də bu günkü görüşdən böyük nəticələr gözlənilməsə də, danışıqların davam etdirilməsi və formatın qorunması müsbət haldır. Rusiya-Ukrayna cəbhəsində Rusiyanın irəliləməsi Qərbdə narahatlıq doğurur və bu görüşlər həmin narahatlıqların fonunda baş tutur.Yekun olaraq düşünürəm ki, hərbi cəbhədə Ukraynanın mövqeyi gücləndirilmədən və Rusiyanın üzərinə sanksiyalar sərtləşdirilmədən, Rusiyanın real güzəştlərə getməsi və danışıqlarda irəliləyiş əldə olunması çətindir. Bu görüşün real nəticə ilə nəticələnməsi isə zəif ehtimaldır".
Aişə Mustafayeva


