Bağçalara qəbul başlayır

Tarix: 15:38 25.07.2023
Bağça yaşlı övladı olan valideynlərin ötən ilə qədər olduğu kimi qapı-qapı düşməyə ehtiyac yoxdur. Sadəcə elektron müraciətin qaydalarını bilmək lazımdır.
Təhsil eksperti Elşən Qafarov deyir ki, övladını bağçaya yerləşdirə bilməyən valideynlərdə yaranan aqressiya yer azlığı ilə bağlıdır. Düşünürlər ki, onlardan daha tez tərpənən, övladını hansısa yollarla bağçaya yazdıran valideynlər var. Əslində isə elektron qəbul ən şəffaf vasitə sayılır. Sadəcə, prosesdə olan çətinliklər valideynlərin belə düşünməyinə gətirib çıxarır: “Ölkədə təqribən 500 minə qədər uşaq məktəbəqədər təhsil müəssisəsinə getməlidir. Hazırda 1950, yəni 2 minə yaxın məktəbəqədər təhsil müəssisələrində ümumilikdə 18 minə yaxın uşaq yeri var. Bu çox böyük dizbalansdır. Məktəbəqədər təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi üçün dövlət proqramı qəbul edilməlidir”.
Qeyd edək ki, artıq bu gündənn qeydiyyat başlayıb. Valideyn, yaxud qanuni nümayəndə bq.edu.az saytında elektron kabinet açmalıdır. Bölgələrdə yaşayanlar avqustun biri saat 11.00-dan, Bakıdakı bağçalar üçün isə avqustun 8-i eyni saatdan etibarən müraciət edə bilərlər. Valideyn eyni anda ən uyğun bildiyi 3 bağçanı seçib yerləşdirmə mərhələsini gözləməlidir.
Elm və Təhsil Nazirliyinin sektor müdiri İlahə Rəsulova deyir ki, proses olduqca sadədir. Müddət isə kifayət qədər uzundur. Avqustun 31-dək qəbul davam edəcək. Müraciəti sorğuya çevrilən valideyn 15 gün ərzində sənədləri uşağın qəbul edildiyi müəssisəyə təqdim etməlidir. Bu müddət ərzində sənədləri təqdim edilməyən uşağın qeydiyyatı ləğv olunacaq.
Zeynəb