Şuşada ekoloji bərpa prosesi necə gedir?
.jpg)
Tarix: 11:37 07.08.2023
“Hazırda Topxana meşəsinin bitki örtüyü, heyvanat aləmi yenidən tədqiq olunur". Bunu Milli Elmlər Akademiyasının vitse-prezidenti İradə Hüseynova Şuşada keçirilən ekoloji məsələlər üzrə işçi qrupun iclasında deyib. İşğaldan sonra Şuşada aparılan yoxlamalar zamanı məlum olub ki, minlərlə palıd və qiymətli ağac kəsilərək Ermənistana danışıb.
Şuşada torpaqlarda aparılan tədqiqatlar göstərdi ki, çirklənmə nəticəsində müəyyən dəyişikliklər var. Bu sözləri Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə işçi qrupunun iclasında AMEA-nın vitse-prezidenti İradə Hüseynova deyib. O bildirib ki, Topxana meşəsi və ətrafına baxış keçirilib, müəyyən monitorinqlər aparılıb. Yoxlamalar nəticəsində məlum olub ki, Topxana meşəsindən 2 mindən çox palıd va digər qiymətli ağaclar kəsilərək Ermənistana daşınıb: “30 ilə yaxın bir müddətdə bu ərazilərdə heç bir tədqiqat işləri aparılmayıb. Bu müddətdə bilirsiniz ki, bu ərazilərdə geniş ekosid həyata keçirilib. Erməni faşistləri bizim meşələrimizi məhv ediblər, ağaclarımızı qırıblar, onları qıraraq Ermənistana aparıblar”.
İclasda İşğal dövründə Şuşanın, ümumiyyətlə, işğaldan azad edilmiş ərazilərimizin ekologiyasına ciddi zərər dəydiyi vurğulanıb. Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib ki, əsas məqsəd bu torpaqları bərpa etmək və abadlıq işlərini aparmaqdır: “Bilirsiniz ki infrastruktur fəaliyyəti varsa, bu, ətraf mühitə təsirsiz ötüşmür. Əsas məqsəd də bu təsirləri aradan qaldırmaqla bağlı görülə biləcək tədbirlərin düzəldilməsidir. Bu baxımdan bizim agentliyin hesabatı dinlənildi və bu sahədəki problemlərin aradan qaldırılması ilə bağlı məsələlər müzakirə olundu”.
Qeyd edək ki, iclasda həmçinin Şuşa şəhərinin və Daşaltı qəsəbəsinin su təchizatının təmin edilməsi məqsədilə Zarıslı çayı üzərində planlaşdırılan su anbarının texniki-iqtisadi əsaslandırma layihəsi, Şuşa yolunun tikintisi işlərində tələb olunan xammal təminatı, Kəlbəcər və Laçın rayonlarında tikintisi planlaşdırılan su-elektrik stansiyaları məsələləri müzakirə olunub.