Bu gün Milli Musiqi Günüdür

Bölmə: Mədəniyyət › ,
Tarix: 12:57 18.09.2023

Milli Musiqi Günü dahi Üzeyir Hacıbəyovun doğum günü ilə bağlıdır, çünki milli musiqimiz, mədəniyyətimiz öz inkişaf zirvəsinə görə Üzeyir Hacıbəyova borcludur.

 

1995-ci ildə Heydər Əliyev fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını Maestro Niyazi qoyub. Görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərdi.


Üzeyir bəy Ağcabədidə anadan olub, 1885-1948-ci illərdə yaşayıb. Üzeyir Hacıbəyovun yaradıcılığında Qərb və Şərq musiqi üslubları birləşdirilib; onun tərəfindən Azərbaycan xalq musiqisinin elementləri klassik Avropa ənənələrinə uyğunlaşdırılıb. Bu metoddan istifadə edərək Hacıbəyov 1908-ci ildə Azərbaycan şairi Füzulinin eyni adlı poeması əsasında ilk Azərbaycan operası "Leyli və Məcnun"u yaradıb. 1909-cu ildə yaratdığı "Şeyx Sənan" adlı ikinci operası üslubuna görə sələfindən xeyli dərəcədə fərqlənirdi və əsasən müəllifin musiqisindən ibarət idi.

 

1910–1915-ci illər arasında yazılmış növbəti dörd opera ənənəvi Azərbaycan muğamı əsasında qurulub. ("Rüstəm və Zöhrab" (1910), "Şah Abbas və Xurşud Banu" (1911), "Əsli və Kərəm" (1912), "Harun və Leyla" (1915)). Bəstəkarın ən uğurlu əsəri 1936-cı ildə yazılmış "Koroğlu" operası hesab olunur. Bu əsərinə görə Üzeyir Hacıbəyova 1941-ci ildə "Stalin" mükafatı verilib. Ümumilikdə, o, 7 opera və 3 operetta yazib:

 

"Ər və arvad" (1909), "O, olmasın bu olsun" (1910) və "Arşın mal alan" (1913).

 

Hacıbəyov "Koroğlu" operası xaricində bütün əsərlərinin librettosunun müəllifi idi. Onun həmçinin yarımçıq qalmış "Firuzə" operası var idi. Bu əsəri bəstəkar İsmayıl Hacıbəyov tamamladı.
Üzeyir Hacıbəyli Nizami Gəncəvinin sözlərinə "Sənsiz" (1941) və "Sevgili canan" (1943) kimi əsərlər yaradaraq "romans-qəzəl" adlı kamera vokal musiqisinin yeni janrını kəşf etdi. Bundan əlavə, Hacıbəyov həm də Azərbaycan opera məktəbinin qurucusu hesab olunur.

 

İnformator.az saytı olaraq Üzeyir Hacıbəyovun Nizamidə yerləşən ev muzeyinin şöbə müdiri Gülnarə Ələsgərovanın Üzeyir bəyin Azərbaycan musiqisinə verdiyi töhfələr barədə fikirlərini öyrəndik.


"Üzeyir Hacıbəyov 7 opera, 3 operetta, saysız-hesabsız vətənpərvərlik mahnıların müəllifidir. O, nə qədər xalq çalğı alətləri üçün əsərlər yazıb. Üzeyir bəyin yazdığı operaların adlarını açıqlasam: "Leyli və Məcnun", "Rüstəm və Zöhrəb", "Şah Abbas və Xurşidbanu", "Harun və Leyla", "Əsli və Kərəm", "Şeyx Sənan" və "Koroğlu" operalarının müəllifidir. Onun "Ər və arvad", "Məşədi İbad", "Arşın mal alan" operettaları var. Qeyd edim ki, "Arşın mal alan"ı Peterburqda tələbə olan zaman yazıb. "Koroğlu"dan başqa bütün əsərlərinin sözlərini özü yazıb. "Arşın mal alan" operettasında Məhəmməd Füzulinin sözlərindən istifadə olunub. "Arşın mal alan" əsərində sözlərin çoxu Üzeyir bəyin özünə məxsusdur. Bu, onu göstərir ki, o, həm də şair olub. Üzeyir bəy Füzulinin əsərinə musiqi yazıb, Xurşidbanu Natavandan da oraya nələrsə əlavə edib. "Arşın mal alan"da olan qəzəllər Füzuliyə məxsusdur. O, həm musiqiçi, dramaturq, şair, dövlət xadimi, rəssam, xeyriyyəçi, həm də alim olub. Onun musiqisi dünyanın 4 qitəsində eşidilib. "Arşın mal alan" əsəri 4 dəfə filmə çəkilib".

 

Çinarə Muradova