Elinin nisgilli şairi-MəhəmmədHüseyn Şəhriyarın anım günüdür
Bölmə: Mədəniyyət › ,Tarix: 22:55 18.09.2023
18 sentyabr böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın (əsl adı – Behcəti Təbrizi) vəfat etdiyi gündür.
Məhəmmədhüseyn Şəhriyarın vəfat etdiyi gün, 18 sentyabr hər il İranda “Milli Şeir Günü” kimi qeyd edilir. “Ulu Şəhriyarın poetik aləmdə yadigar qoyub getdiyi ədəbi irs xəzinəsini yalnız eni-uzunu, dərinliyi ölçüyə gəlməyən dəryalar, okeanlarla müqayisə etmək olar”.
Müsahibimiz AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, dosent Esmira Fuaddır...
Sizcə, Şəhriyarın həyat yolu və uşaqlıq xatirələri onu şairliyə sövq etməkdə nə qədər təsirli olub?
-Bu gün doğma xalqı ilə onun özbəöz dilində, amma poetik məcrada danışmağı bacaran, xalqın yaşantılarını ana dilində yazdığı “Heydərbabaya salam” adlı şah əsəri ilə ona söyləyən söz sərrafının anım günüdür. XX əsrin sənət dahisi düz 36 il öncə-18 sentyabr 1988-ci ildə səhər çağı dünyaya, sözünün, sənətinin aşiqlərinə “Əlvida!” deyərək əbədiyyətə qovuşdu. Ustad Məhəmmədhüseyn Şəhriyarı nə keçdiyi keşməkeşli həyat yolu, nə də uşaqlıq xatirələri şairliyə sövq etməyib, qətiyyən... O, fitrətən şair doğulmuşdu və parlaq istedadı nə yolla olursa-olsun, üzə çıxmalı idi. Yaşadıqları və uşaqlıq çağlarının xatirələri şairin bir sıra əsərlərinin, özəlliklə də “Heydərbabaya salam” və “Həzyane del-Ürək sayıqlamaları (farsca)” əsərlərinin yaranmasına təkan verib.
“Şəhriyar” adını o, özünə təxəllüs olaraq seçmişdi. Bu ləqəbi seçməsinin bir səbəbi varmı?
-Adətən şairlər şeirlərini xoşlarına gələn bir təxəllüslə, Güney aydınlarının təbirincə desəm, “taxma ad”la yazırlar. Gənc Məhəmmədhüseyn də qaynar təblə intensiv surətdə qələmə aldığı ilk şeirlərini sevdiyi qızın yaşadığı məhəllənin adına uyğun olaraq “Behcət” təxəllüsü ilə qələmə alırdı. Şəhriyarın sevimli dostu Əbülqasım Şəhyara “Behcət” təxəllüsü ilə yazdığı “Cənnətə yol” qəzəli dostları tərəfindən çox bəyənilir, əldən-ələ keçir. Oxuyan hər kəs qəzəl haqqında yüksək fikirlər, xoş sözlər söyləyir. Şeirinin seviləcəyinə əmin olmayan şair sonralar xatırlayır ki, “bu münasibət mənə böyük şövq verdi. Sanki bir gündə 100 il yol getdim”.
Sənət dostlarının, görkəmli şairlərin xoş sözlərindən qanadlanan şair özünə ürəyincə bir təxəllüs götürmək qərarına gəlir və uyğun ad tapmaq üçün çox düşünür. Xatirələrində söylədiyinə görə, hər hansı bir təxəllüsü götürürmüşsə, sonralar ondan əl çəkməli olurmuş. Belə ki, digər şairlər həmin təxəllüsləri artıq qəbul edərək şeirlər yazırmışlar. Gənc Məhəmmədhüseyn də təxəllüsünü tez-tez dəyişmək məcburiyyətində qalırmış. Nəhayət, günlərin birində iki rükət namaz qılır və Şəmsəddin Məhəmməd Hafiz Şirazinin “Falnamə” adı ilə də məşhur olan “Divan”ından fal açır. Həmin səhifədə yazılmışdı:
Çərxi-fələk sikkəni şəhriyarların adına döydürdü,
Mən də öz şəhərimə gedib, öz Şəhriyarım olmalıyam...
Fars dilindən çevirdikdə birinci mənası “şəhərlərin şahı”, ikinci mənası isə “şəhərin köməkçisi, arxası, yarı-dostu” olan “Şəhriyar” sözünü təxəllüs olaraq qəbul edir. Beləliklə, təxəllüsü//taxma adı ilə Məhəmmədnüseyn öz şəhərinin sınırlarından çıxır və türk dünyasındakı əksər şəhərlərin Şəhriyarı olur...
Şəhriyarın eşq həyatı da çox acılı olub, sizcə, bu, onun həyatında nələri tamamlaya bilmədi?
-Şəhriyar Tehran Tibb universitetində oxuyarkən Sürəyya adlı bir qıza vurulur. Lakin demokratik ruhlu gənc bir şairi ictimai həyatdan və qaynar Tehran ədəbi mühitindən ayırmaq üçün şah rejimi hiyləyə əl atır... Sürəyyanı zorla Şahın qohumu Çıraqəli xanla evləndirir, Şəhriyarı isə Nişabura sürgün edirlər.
Universitetlə üzbəüz kirayələdiyi iki otaqlı mənzildə ona ev işlərində təmənnasız olaraq kömək edən yeniyetmə Lalənin söylədiyinə görə, bir gün Pəri onlara gəlir, tələsdiyi üçün tez də qayıdır. Gedərkən ipəyini Şəhriyarın aldığı köynəyini də götürür və deyir ki, mən olmayanda bu köynəyin qoxusu Şəhriyara əzab-əziyyət verər. Axşam saat 9-00-da yenə gələcəm. Şəhriyar saat 9-00-dək gözlədi. Lakin Pəri gəlmədi. O, mənə dedi ki, qapını, pəncərələri aç, boğuluram, havam çatmır. Çöldə bərk külək əsirdi. Güclü külək otaqdakı şamı söndürdü. Şəhriyar dedi ki, bu, pis hadisənin əlamətidir, hər şey bitdi. Mən şamı yandırmaq istədim, lakin Şəhriyar qoymadı. Pəri (O, Sürəyyanı Pəri də çağırırdı) gəlsə yandırarsan, - dedi. O, gəlmədi və şam səhərədək yandırılmadı. Hər yerdən əli üzülən dərdli şair Allaha pənah aparır, olacaqları onun gərdişinə, kərəminə buraxır, dərgahına üz tutub yalvarır: “Yusifi Həzrət Yəquba yetirib dünya işığına həsrət qalmış gözlərini açan Allah, mənim də sevgilimi özümə qaytar!” Beləcə, şairin bəxt ulduzu da həmin şam kimi sönür. “Həzin nalələr”, “İntizar”, “Əlim ətəyinə”, “Köynəyin qoxusu”, “Pəri”, “Eşqin hərracı”, daha sonralarsa “Çobanın neyi”, “Vəhşi ov”, ”Səbanın sazı” və s. qəzəllərini şair vüsalına qovuşamadığı sevgilisindən ayrılığın acısı ilə yazır və ömrünün 28 ilini bu nakam eşqin həsrəti ilə yaşayır... və son nəfəsinədək kədər yaxasını buraxmır. Sürəyyanı uzun illər unuda bilmir. Qohum-qardaşın təkidi ilə bibisi qızı Əzizə Əbdülxaliqi ilə evlənir, üç övladı dünyaya gəlir. Lakin Əzizə xanım cavan yaşında həyatdan köçür. Şair bu itkidən çox üzülür, böyük kədər hissi ilə xanımının ölümünə bir neçə mərsiyə də yazır.
Təbii ki, bütün bu olaylar Şəhriyarın həyatında qırıqlıqlar yaratmış, ürəyini sındırmışdı...
Şəhriyarın həyat və yaradıcılığı ilə bağlı bilinməyən, qaranlıq məqamlar varmı?
-Açığı, nəinki şairlərin, ən sıradan insanların belə, həyatlarında qaranlıq məqamlar olur... Şəhriyar da həmçinin... Onu deyə bilərəm ki, Şəhriyar əxlaqlı bir kişi olub... Sevgisində də, ailə həyatında da bütöv olub. Anası Kövkəb xanımı belə çox böyük bir məhəbbətlə sevib... Əgər həyatında Sürəyya və Əzizə Əbdülxaliqidən başqa bir qadın olsaydı, təbii ki, el arasında bu barədə danışılardı. Ancaq belə bir nüans olmayıb...
Deyilənə görə, Şəhriyarın Bakıya gəlməsinin qarşısını da bizim bir sıra məşhur yazarlar təxribatla alıblar. Bu barədə nə söyləyə bilərsiniz?
-Xeyir, bu, gerçək yanaşma deyil. Şəhriyar da bütün ömrü boyu əsən yellərdən soraq aldığı, ağ göyərçinlərlə öpüşlər göndərdiyi Quzey Azərbaycanı, Bakını görmək, soydaşları ilə görüşmək arzusu ilə yaşayıb, ayrılıq odunda qovrulub. Bu yanğı şairin odlu ürəyindən, nəfəsindən, qələmindən əsərlərinə hopub. Niskilli Şəhriyarın ayrılıq dərdinə, həsrət qəhrinə son qoymaq üçün dövlət səviyyəsində mühüm bir addım atılıb. Azərbaycan Yazıçılar Birliyi XVIII əsrin böyük şairi M.P.Vaqifin 250 illik yubiley tədbirlərində iştirak etmək üçün 1967-ci ildə ustad Şəhriyara rəsmi dəvət göndərib. Lakin bu görüşdən qorxuya düşən mürtəce qüvvələr şairin gəlişinə imkan verməyiblər. Dəvətnamə ona deyil, İranın ucqar bir kəndində yaşayan Şəhriyar adlı bir gəncə çatdırılıb və nakam şairin arzusu gözündə qalıb. Bu hadisə hava limanında Şəhriyarı qarşılamağa gedən nümayəndə heyətinin tərkibində olan Məmməd Araza da ağır təsir bağışlayıb və o, “Şəhriyar gəlmədi” adlı şeir də yazıb:
…Sənin şənliyinə o tac gəlmədi,
Sənin şənliyinə o tay gəlmədi.
Şəhriyar gəlmədi. Bu, həqiqətdi.
… Şəhriyar gəlmədi, niyə gəlmədi?
Həsrətlər bir qarı donuna girdi,
Səsi yumaq kimi çözələnirdi:
Görüm qatarları tufan qamarsın,
Uçaq meydanları qalansın buzla,
Biz ki görüşmədik öz oğlumuzla…
Şəhriyarı rejimlərlə əməkdaşlıq etməklə suçlayanlar da var, bu haqda nə deyərsiniz?
-Bu fikir də gerçəkləri əks etdirmir. Şəhriyara Məhəmmədrza şahın xanımı Azərbaycan kökənli Fərəh xanım Pəhləvi gözəl bir villa almaq istəyib, lakin şair o hədiyyəni də qəbul etməyib və divanının çap olunub oxuculara çatdırılmasını daha vacib sayıb. O, dərvişanə bir həyat yaşayıb.
Bu fikrimin təsdiqi olaraq şairin böyük qızı Şəhrizadın xatirəsini xatırlatmaq yerinə düşər: “Qızı Şəhrizad xatirələrində yazır ki, atam tez-tez təkrar edərdi ki, “dahilər həmişə nakam olurlar”. Babamın ölümündən sonra çox sarsılıbmış. Onun ölümünü heç vaxt unutmur, vəfat edərkən yanında olmamasına görə isə ömrünün sonuna qədər təəssüflənirdi. Ancaq bu azmış kimi, atasının ölümünü unutmamış, qardaşını da itirir. Qardaşının yetim qalmış dörd övladını da öz himayəsinə götürür. Ən kiçiyi bir neçə aylıq olan qardaşı uşaqlarına ata kimi qayğı göstərərdi. Əslində atam bizimlə onlar arasında heç bir fərq qoymurdu. Uşaqlar da əmilərinə eyni məhəbbəti göstərirdilər. Əmimin uşaqları böyüdükdən, hərəsi bir işin sahibi olduqdan sonra, atam Tehrandakı yeganə həyətini bütün avadanlığı ilə birlikdə qardaşı uşaqlarına bağışlayır, paltarlarını yığdığı bircə çamadanla Təbrizə gəlir. Bibisi qızı hesab edilən anamla ailə qurur, onun gec - 48 yaşında evlənməyinin bir səbəbi də qardaşı uşaqlarının qarşısındakı məsuliyyət hissi idi. Bu halını özünün “Başımı girov qoyduğumdan özümə yar və həmsər seçmədim“ sözləri çox dəqiq ifadə edirdi. Mən atamın böyük övladıyam. Uşaqlıq çağlarımda həmişə gəzməyə, şeir gecələrinə, hətta ən rəsmi yerlərə gedəndə belə, məni özü ilə aparardı. Hər dəfə məclisə daxil olarkən alqış səsləri ətrafı bürüdükdə, yaxud bir yana gedəndə xalq onu dövrəyə aldıqda, məni maraq bürüyərdi: - Axı, o kimdir? Niyə bu qədər sevilir? Onu başqa uşaqların atası ilə müqayisə edər və düşünərdim: - Bəs nə üçün onlara heç kəs əl çalmır? Anam müəllimə işləyirdi, ona görə də gündüzlər evdə olmurdu. Bankdan atama icazə vermişdilər ki, işə gəlməyib evdə otursun və rahatca şeir yazmaqla məşgul olsun. Bizdən muğayat olan qulluqçumuz da var idi. Lakin anam evdə olmayanda mən çox vaxt atamın yanında olurdum. Gündüz oynamaqdan yorulduqda onun qucağındaca yuxuya gedərdim və belə vaxtlarda o mənə hətta layla da çalardı. Özü bekar olanda isə mənə başa düşdüyüm türkdilli şeirlərindən öyrədərdi. Sonra məclislərdə qonaqların hüzurunda həmin şeirləri oxumağı məndən istəyərdi. Etiraf edim ki, mən anamdan daha çox onunla ünsiyyət qurmuşdum. Onun yanında olanda anam heç yadıma düşmürdü...”
Şəhriyarla bağlı son söz olaraq söyləmək istədiyiniz bir söz varmı?
-Mən bu sualınıza Türkiyənin İzmir şəhərində yaşayan güneyli şair, Günaz.TV-nin aparıcısı Məsud Harayın son müsahibəsindən götürdüyüm bu fikirlərlə cavab vermək istəyirəm: “Bizim üzərimizə böyük bir məsuliyyət və vəzifə düşür. Şəhriyarı daha çox mənimsəməli, onu Azərbaycan ədəbiyyatının bir parçası kimi təbliğ etməyi qarşımıza məqsəd qoymalı, onu örnək şairlərdən biri kimi göstərməliyik. Azərbaycan Respublikasında Şəhriyarın Azərbaycanın milli şairi kimi tanınmasına, ona rəğbətin yüksək olmasına baxmayaraq, Güney Azərbaycanda buna yetərli diqqət ayrılmayıb, Şəhriyar İran hakimiyyətinin siyasi-ideoloji siyasətinə qurban verilib. Buna görə, bütün güneyli yazıçı və ziyalılar Şəhriyarın daha çox mənimsənilməsi, onun doğum və anım günlərinin qeyd olunmasına xüsusi əhəmiyyət verməlidirlər. Şairin Azərbaycan dilində olan yaradıcılığı daha çox təbliğ olunmalı, fars millətçiləri və hakimiyyətin inhisarından çıxarılması üçün barəsində davamlı tədbirlər keçirilməli, Azərbaycan dilində olan yaradıcılığı öyrənilməli və mənimsənilməlidir...”
HƏCƏR ƏMİRASLANLI