Düzgün qidalanma necə olmalıdır?-Mütəxəssisdən açıqlama

Bölmə: Sosial › ,
Tarix: 20:19 05.10.2023

Müasir dövrümüzdə insanların, xüsusilə də gənclərin daha çox fast food qidalardan, cipslərdən, eyni zamanda qazlı və enerji içkilərindən istifadə etməsi, onların sağlamlığına birbaşa olaraq təhlükədir. Çünki, gənc orqanizmlərə daha çox zərər vurur. 25 yaşına qədər hər orqanizm inkişaf mərhələsindədir.

Bu sözləri İnformator.az-a açıqlamasında Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib. Onun sözlərinə görə, bu yaş dövründə orqanizm, hər gün 70-ə qədər faydalı qida elementləri qəbul etməlidir.

"Bunları, qəbul etmək üçün sağlam, təbii qidalar yeməlidir. Ancaq bəzən gənclərimiz, ənənəvi səhər yeməyindən imtina edirlər və günün orta saatlarında, mənşəyi məlum olmayan, ayaqüstü hazır qidaları qəbul edirlər. Bu da orqanizmə ciddi ziyanlar vurur. Çünki, həmin qidaların qida dəyəri olsa da, zənginliyi çox aşağı səviyyədədir. Tez bir zaman da enerji versə də, orqanizmdə ciddi fəsadlara yol açır. Birinci növbədə, həzm sistemi pozulur, mədə və bağırsaqda yaraların əmələ gəlməsinə səbəb olur, eyni zamanda bu qidalar həzm olunmur və bağırsaqda yığılaraq çatışmazlıqlar yaradır. Bu qidaların qəbulunu azaltmaq lazımdır. Həmin qidaların hazırlanma qaydası da hələ də sual altındadır. Bu kimi qidalarda keyfiyyətsiz, ucuz, ənənəvi olmayam ətlərdən də istifadə olunur. Və bunların hamısı orqanizmdə xərçəng xəstəliyinin yaranmasına, xroniki xəstəliklərin daha da şiddətlənməsinə səbəb olur. Belə hazır qidaların tərkibində dadlandırıcı souslar olur. Bunlar isə eynilə narkotik vasitələr kimi asılılıq yaradır. Eyni zamanda mərkəzi beyin sisteminin pozulmasına gətirib çıxarır. Yaxşı olar ki, bu kimi qidalardan gənclər, körpələr uzaq dursunlar".

Səriyyə Tağıyeva