"Uşaqlar ilk mərhələdə öz müəllimlərini rol model olaraq görürlər"-Əfsanə Rüstəmova

Bölmə: Sosial › ,
Tarix: 14:08 06.10.2023

5 yaşımızdan başlayaraq, uzun illər boyunca həyatımızda iz buraxan, rol oynayan şəxslərdən biri də müəllimlərdir. Müəllimlərin yetişdirdiyi uşaqlar böyüyür, fərd olur, şəxsiyyət olur, cəmiyyətin bir hissəsinə çevrilir, onların öyrətdiyi davranış, yazı, öyrənmə qabiliyyətləri həyatımız boyunca bizimlə olur və hər anımıza təsir edir.


Deməli, ailə ilə yanaşı, müəllimlərin də uşaq psixologiyasına müəyyən qədər təsiri olur.
Psixoloq Əfsanə Rüstəmova müəllimlərin uşaq psixologiyasında rolu ilə bağlı informator.az - a açıqlama edib.

 

Psixoloq qeyd edir ki,"pedaqoq"sözünün mənası yol göstərən, özündən pay verən olduğu üçün uşaqlara pedaqoqluq edən şəxsin öncə özünün doğru yolu tapması, düzgün psixologiyada olması önəmlidir:

 

"Ümumiyyətlə, insanın özünü tanıması, şəxsiyyətinin formalaşması, yeniyetməlik yaş dövrünə keçid mərhələsi təhsil müəssilərində davam etdiyi üçün müəllimlərdən həmin dövrlərin psixologiyasını bilməyi də tələb etməliyik, onlar bu bacarıqlara sahib olmalıdır. Çünki həmin dövrlərdə uşaqlarda baş verən dəyişikliklər, özünütanıma bacarıqları onların mentorları olan müəllimə vasitəsi ilə həyata keçirilir. Buna görə uşaq psixologiyasında müəllimin rolu danılmaz, əvəzedilməzdir".

 

Ekspert hesab edir ki, yaxşı başlanğıc etmiş uşağın yolu çətinlik çəkmədən, rahatlıqla davam edəcək:

 

"Ancaq öz psixologiyası yerində olmayan pedaqoqla həyatı tanımaya başlayan uşağın yolunda əskikliklər, müəyyən çətinliklər olacaq. İnsanın müşahidə edərək, yamsılayan varlıq olduğunu unutmamalıyıq. Uşaqlarda yamsılama qabiliyyəti rollu oyunlarla, ilkin öyrənmə dövründə olan oyun fəaliyyəti ilə formalaşdığı üçün onlar obrazlı öyrənməni götürür. Bunlara davranışın, səs tonunun, ləhçənin, əl hərəkətlərinin, bədən dilinin, üz mimikalarının yamsılanması daxil edilə bilər. Buna görə uşaqlar ilk mərhələdə öz müəllimlərini rol model olaraq görürlər və onların davranışlarını kopyalayırlar. Məsələn, müəllim öz ailəvi problemlərini məktəbdə iş yoldaşına danışırsa, bu zaman ağlayırsa, buna şahid olan uşaqlar da iş yerində emosional idarə etməni öyrənməyəcək".

 

Əfsanə Rüstəmova əlavə edir ki, müəllimlərin bütün davranışları kompleks halında, ardıcıllıqla olmalıdır:


"Şəxsiyyət yetişdirəndə nələrə diqqət etməliyik? sualına cavab vermək üçün hansı cəmiyyət üçün? və necə şəxsiyyət yetişdirmək istəyirik? suallarına cavab verməliyik. Ümumiyyətlə, təhsil həyatının uşaqların formalaşmasında böyük önəmi var. Məktəbəqədər dövrdən başlayaraq universitet, magistratura və s. kimi İlk pillədən son pilləyə qədər gördüyümüz insanlar bizim həyatımızda bir iz, hətta bəzən bir izdən daha çoxunu- bir yol, bir davranış buraxır. Buna görə də çalışmalıyıq ki, əhvalımızı, şəxsi vəziyyətimizi, uşaqlara yansıtmayaq, uşaqlarla onların görməli olduği tərzdə münasibət quraq.
Çünki uşaqlar öz ailələrində başqa əhvalı, münasibəti görür, əlavə olaraq, pedaqoqun şəxsi vəziyyətini görərsə, həmin uşaq bir neçə ailənin yetişdirdiyi uşağa çevrilər".


Psixoloqun fikrinə görə, bu gün cəmiyyətimizin həll etməli olduğu problemlər arasında "emosional idarə etmə" də var. O, təəsüflə qeyd edir ki, bir çox təhsil müəssisələrində emosional idarə etməyə müəllimlər tərəfindən əməl edilmir:


"Buna görə uşaqlar da emosional idarəetmənin nə olduğunu bilmir və özünü idarə edə, ifadə edə bilməyən yeniyetmələr, gənclər, insanlar yetişir. Və buna görə də xoşagəlməz, təhsil səviyyəsi aşağı olan cəmiyyət, topluluq yaranır".


Nəzrin Mirzəyeva