Günəş palçıqlı çeşmədə batırmı? Günəşin batma və çıxma yeri varmı?
Bölmə: Maraqlı › ,Tarix: 21:14 10.10.2023
Bir şübhəyə cavab: Günəş palçıqlı çeşmədə batırmı? Günəşin batma və çıxma yeri varmı? "Kəhf" surəsi 86 və 90-cı ayələrə bir baxış.
Qurani-kərim bizə öyrədir ki, günəş palçıqlı bir çeşmədə batır. Belə ki, buyurur: "Nəhayət, günəşin batdığı yerə gəlib çatdıqda onu qara palçıqlı bir çeşmədə (lehməli bir suda) batan gördü". (Kəhf, 86)
Digər bir ayədə qeyd edir: "Nəhayət, günəşin doğduğu yerə çatdıqda onu elə bir qövm üzərində doğan gördü ki, onlar üçün (günəşə) qarşı heç bir örtük yaratmamışdıq". (Kəhf, 90)
Əvvəlcə onu deyək ki, elm nöqteyi-nəzərindən heç vaxt günəş palçıqlı, lilli gölməçədə batmır. İkincisi günəşin heç bir qürub və doğma yeri yoxdur. Quranın bu iki ayəsi elm ilə ziddiyyət təşkil etmir ki?
Bu iki Quran ayəsi günəşin doğuş və batış yerini bildirməyə çalışmır. Əksinə, Zülqərneynin günəşin doğuş və batış haqqındakı təsəvvürünü göstərir. Bu iki ayədə qürub və doğuş yerindən məqsəd odur ki, Zülqərneyn bir dənizin sahilinə çatdı ki, daha ondan sonra hansısa bir quru yerin olacağına ümid bəsləmir. Nəzərində belə tutur ki, günəş dənizdə qürub edir. Çünki üfüqün intəhası dəniz üzərində üst-üstə düşür.
1.Çeşmə dedikdə məqsəd dəryadır. Belə ki, ərəblər əvvəllər dərya əvəzinə çeşmə ifadəsini işlədərdilər. Əhli-beytdən nəql olunan rəvayətlərdə də çeşmə kəlməsini bu ayədə dərya kimi təfsir olunmuşdur. Başqa verisyalar da vardır.
2. Bu dərya elə şəkildə idi ki, həmişə, yaxud günəş batarkən gilə bürünmüş, yaxud qaramtıl rəngdə olurdu.
3.Günəşin qürub yeri dedikdə aydın olur ki, bu dəniz yer üzünün məğribində olmuşdur. Lakin bəzi təfsir alimləri demişlər ki, bu cür ifadə olunması onun mütləq yer üzünün məğribinin qurtaracağında olması anlamını daşımır. Odur ki, həmin dəniz ya Qara dəniz olmuşdur ki, Türkiyənin yuxarısındadır, ya Aralıq dənizi olmuşdur, ya da Atlantik okeanı olmuşdur. Böyük ehtimalla Qara dəniz olmuşdur.
4."Vəcədəha" (onu tapdı, gördü) kəlməsindən məqsəd hissi müşahidə deməkdir. Həqiqi və elmi şəkildə tapmaq deyil. Yəni Zülqərneyn günəşi öz gözü ilə elə gördü ki, sanki dənizdə batırdı. Necə ki, biz də günəşin dağın arxasında batdığını görürürük. Burada gözlə görmək nəzərdə tutulur. Çünki daha sonra da "vəcədə" feilindən istifadə olunub. "Onun yaxınlığında bir dəstə adama gözü düşdü".
İkinci hissəyə gəlincə, bu barədə təfsir alimləri fərqli fikirlər qeyd etmişlər. Bir dəstə qeyd edir ki, burada kinayədən istifadə olunmuşdur. Yəni bu cəmiyyət insan yaşayışından olduqca alçaq bir mərhələdə idilər. O həddə qədər ki, üryan şəkildə yaşayırdılar. Yaxud örtükləri o qədər az idi ki, bədənlərini günəşdən örtmürdülər.
Ancaq bəzi təfsirçilər ehtimal edərək qeyd edir ki, günəşdən örtünmələri üçün onların ev və məskəni olmamışdır.
Başqa bir ehtimal odur ki, onların məskəni bir biyabanda idi və orada dağ, ağac yox idi. Onları günəşdən örtəcək və həmin çöllükdə kölgələndirəcək heç nə yox idi.
Həcər Əmiraslanlı