Yetərsiz(l)ik?

Bölmə: Maraqlı › ,
Tarix: 20:26 12.10.2023

Bəzən yazmaqdan sıxılıram. Yanlız yazmaqdan da deyil, şəkil çəkmək, danışmaq, sevdiklərimlə vaxt keçirmək-məni mən edən şeylərdən uzaqlaşıram. Bilirəm, bu psixoloji olaraq normal haldır, bir müddət davam edir ki, insan asosyallıq ehtiyacını yerinə yetirib öz həyatına daha yaxşı şəkildə davam edə bilsin.

 

Ancaq bəzən hər şeyin səbəbi asosyallıq ehtiyacından irəli gəlmir. Gəlmir, çünki nələrinsə getdiyini, yalnız olduğumuzu, təkliyə, tənhalığa layiq olduğumuzu düşünürük. Özümüzü dəyərsizləşdiririk. Bunun bir neçə səbəbi ola bilər ki, bunlardan biri də mühitimiz, ətrafımızdakı insanlardır.

 

Çox zaman "Mühitin insanın inkişafında çox böyük rolu var. Ona görə də, gərək mühitini doğru seçəsən", -deyirlər. Haqlıdırlar, ətrafımızda yaxşı insanlar olmalıdır. Lakin bu hər zaman olacağı anlamına gəlmir. Hər zaman doğrular bizi tapmır, ya da biz doğrulara bağlanmırıq. Düzü, yaxşını anlamaq pisə aldanmaqdan qatbaqat çətindir. Artıq "Səni sevirəm" sözündəki reallıq və gerçəkliyi dərk etmənin çətinliyi kimi.

 

Dediyim kimi, ətrafımızda hər zaman yaxşı insanlar olacaq, bizimlə qarşılaşacaq deyə bir qayda yoxdur, ola da bilməz.

 

Bu həyatda kim nəyə inanır bütünlüklə bilmirəm, amma mən şans məsələsinə inanıram və düşünürəm ki, həqiqətən də, belədir. Bəzən ətrafınızda hər hansı bir insan bir şeylərə, sizin xəyallarınıza xəyalınız olub-olmadığı və bu insanın bilib-bilməməsindən asılı olmayaraq tez çata, əldə edə bilir. Nəticədə, insan daha da pis hiss edir özünü, yetərsiz olduğunu düşünür.

 

Ümumiyyətlə, yetərsiz olan kimlərdir? Hansı xüsusiyyətlərimiz bizi yetərsiz edir?

 

Yetərsizlik deyil də, yanlışlıq, yaxud yanılsamanın mövcudluğuna daha çox inanıram mən. Məsləhət görürəm ki, insanlar bir şey haqqında düşünərkən şəxsiyyətlərinə uyğun olub-olmadığına nəzər yetirsinlər.

 

Bunun üçün şəxsiyyət tipi testindən keçə bilərsiniz. Siz öz ruhunuzu incitməyin ki, o da sizi incitməsin, sizə əzab verməsin.

 

Şəxsən mən ENFP-A şəxsiyyət tipinə sahibəm. Çox zaman səssiz, "maraqlı" insanlara bənzəməyə çalışsam da, alınmayıb. Çünki hər kəs kimi mən də maraqlı və fərqliyəm. Əsas olan həmin fərqi tapmaqdır. Bu fərqi də yanlız özünüzü tanıyaraq, özünüzlə vaxt keçirərək, müxtəlif sahələrlə maraqlanaraq edə bilərsiniz.

 

Unutmayın, bir şeyi sevməniz onu etməniz gərəkdiyi anlamına gəlməz. Doğruları sevməyi və seçməyi bacarmalısınız.

 

Aydan Qasımova