Təəssüf, təəccüb doğuracaq deyilmi?-Əməkdar jurnalist yazır

Bölmə: Maraqlı › ,
Tarix: 14:28 25.10.2023

Hörmətli oxucum!
Əgər yazsam ki, 1990-cı ilin 20 yanvar faciəsindən sonra hələ də Kommunist Partiyasının, Sovet hökumətinin onun “şanlı” XI qızıl ordusunun şanına-şöhrətinə tərif yağdıranlar (məttahlıq və yaltaqlıq edənlər) var idi, yəqin ya inanmayacaqsınız, ya da düşünəcəksiniz ki, bunu yazanlar çox güman ki, savadsızın biri olub. Təəssüflər, çox-çox təəssüflər ki, bu məqalələrin, əsərlərin əksəriyyəti elmlər doktoruna, professora, hətta akademiklərimizə məxsusdur.

 

Fikrimi təsdiq etmək üçün bu mövzuda sil-silə məqalələrlə sizi tanış edəcəm. Qarşımda Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin orqanı olan,  “Azərbaycan Kommunisti” jurnalının ilk sayı (1920-ci ilin noyabrında işıq üzü görüb) və 1991-ci ildə çap edilən bir neçə sayları var. Oxuyuram və oxuduqca məni dəhşət hissi bürüyür. Çünki jurnal 1920-ci ildə Sovet Hökumətini, Kommunizim ideyalarını, “böyük qardaşlıq və beynəlmiləlçilik sevgisini” neçə tərənnüm edibdirsə 1989, 1990 hətta 1991-ci ildə də sevgisinə sadiq qalıb. Bu illər (1989-cu ilin 7-ci sayından sonra) jurnalın baş redaktoru K.N.Rəhimov olub. Kamran Nəbi oğlu Rəhimov (Kəngərli). Əməkdar elm xadimi, tarix elmləri doktoru, professor. 1983-1988-ci illərdə Azərbaycan SSR Xalq Maarif naziri. 1959-cu ildən “Azərbaycan kommunisti” jurnalında şöbə müdüri vəzifəsində  çalışıb və müxtəlif illərdə jurnalın baş redaktoru olub.

 

Baxıram redaksiya heyyətinə: D.P.Quliyev C.B.Quliyev, Ə.F.Daşdəmirov, Z.Ə.Səmədzadə, İ.Şıxlı və başqaları. Əvvala onu qeyd edim ki, redaksiya heyyətində yalnız İsmayıl Şıxlının adı məni çox təcübləndirdi. Çünki, digər heyyət üzvülərinin 1989-90-91-ci illərdə müxtəlif qəzet və jurnallarda sovetləri, Kommunist Partiyasını, leninizm-marksizm nəzəriyyəsini vəsf edən saysız-hesabsız  məqalələri, müsahibələri var və ilk olaraq Danil Piri oğlu Quliyevdən başlayaraq mütamadi olaraq bunlarla Sizi tanış edəcəm. Hörmətli yazarımız İ.Şıxlı isə ilk gündən Milli Azadlıq hərəkatının öndərlərindən olub və sona kimi də onun uğrunda mübarizə aparıb. Bu hərəkat zamanı Kommunist partiya biletini ilk atanlardan biri də məhz İ.Şıxlı idi. Odur ki, onun 1989-90-91-ci illərdə belə bir jurnalın redaksiya heyyətində olması inandırıcı deyil və təəssüf, təcüb doğurur.

 

“Azərbaycan Kommunisti”nin 1988, 89-90-91-ci illərə də işıq üzü görən bütün saylarını dönə-dönə gözdən kecirdim. Bu illərdə çap olunan sayların heç birində Milli azadlıq hərəkatımızı, Meydan hadisələrini, Qarabağ müharibəsini, qacqın harayını, şəhid açısını, 20 yanvar faciəsini əks etdirən məqalələrə rast gəlmədim. Əksinə, yuxarıda adlarını sadaladığım elm xadimlərimiz və başqaları hələ də Sovet Hökumətindən, elmi kommunizimdən ağız dolusu danışırdılar.

 

Jurnalın 1989-cu il tarixli 8-ci sayında (avqust ayında) “Elmi kommunizim ideyalarının Azərbaycanda yayılması” başlıqlı məqalə dərc edilib. Məqalə müəllifləri fəlsəfə elmləri namizədi A.Vəliyev və tarix elmləri namizədi İ.İsayevdir. Məqalə N.Mikayılovun “Elmi kommunizim ideyalarının Azərbaycanda yayılması” monoqrafiyasına həsr edilib. (Bax: həmin əsər. Bakı. Maarif. 1988, 318 səh). Əsərin şərəfinə deyilən təm-təraqlı sözləri müəlliflər belə bitirir ki, “əsər bu gün çox qiymətli vəsaitdir”. Elmi kommunizim, 1989-cu ildə çox qiymətli vəsait. Gülməli deyilmi? Axı 1989-cu ildə artıq elmi kommunizmin kitabı bağlanmışdır. Bizim ölkəmizdə bəzi yazarlarımız, alimlərimiz onu yaşatmaq uğrunda dəridən, qabıxdan çıxsalar da nəticəsiz oldu. Odur ki, bu gün, elmi kommunizmi təbliğ edən bu “maraql”, “qiymətli” vəsait zibil qutusuna atıldı.

 

Və yaxud, jurnalın 1989-cu il tarixli 7-ci sayında çap olunan “Gərgin və cəsarətli, çevik və səriştəli fəaliyyət dövrü” adlı məqaləyə diqqət yetirək. Məqalə baş redaktor Kamran Rəhimova məxsusdur. Məqaləsini M.S.Qarbacovun sözü ilə başlayan və onun sözü ilə yekunlaşdıran müəllif yazır ki, “Sovet İttifaqı Kommunist Partiyası müdrikdir, novatordur, uzağı görəndir, gələcəglə yaşıyandır və s.və i” bərli-bəzəkili sözlər. Baş redaktorun M.S.Qorbacovu və Kommunist Partiyasını təriflədiyi bir vaxtda, məhz M.S.Qorbacovun və Kommunist Partiyasının “xeyir-duası” ilə minlərlə soydaşımız yurdundan-yuvasından qovulmuş, şəhid olmuş, dəhşətli faciələrə məruz qalmışdır. Yəqin ki, baş redaktor bunları bilməmiş deyildi? Bəs onda bu sovet sevdasının tərənnümünün heç yeri idimi və yaxud buna nə ad verək?!

 

Jurnalın hər sayında “Bizim yolumuz xalqların əsl qardaşlıq və birliyi yoludur” devizini 1991-ci ilin qanlı yanvar faciəsindən sonra da böyük şiriflərlə verilməsi öz xalqına qarşı təhqir deyildimi? Bu faciədən sonra jurnalın yenə də “Kommunist partiyasının rəhbərliyi ilə kommunizmə doğru” dönə-dönə yazması öz xalqına qarşı şərəfsizliyi deyilmi?

 

Qarşımda jurnalın 1991-ci ilin aprel ayında işıq üzü görən 4-cü sayı var. Bu say “V.İ.Leninin anadan olmasının 121 illiyinə” həsr edilib. Baş redaktor Kamran Rəhimova məxsus olan baş məqalə “28 Aprel: yol davam edir” adlanır. Təəssüf ki, yenə də baş redaktor iri həcimli məqaləsində Sovet Rusiyası tərəfindən işğala məruz qaldığımız 28 aprelə haqq qazandıraraq, Azərbaycanın bundan sonra yalnız inkişaf etdiyini iddia edir. “Azərbaycan Sovet hakimiyyəti illərində bütün sahələrdə yalnız irəli gedib, tərəqqi edib, yüksəlib”. Yəqin ki, hörmətli baş redaktor bunu da bilirdi ki, (axı o tarixçi idi) məhz Sovet hökumətinin işğalı Azərbaycan xalqının 70-min ziyalısını repressiyaya məruz qoydu. (Bax. Ziya Bünyadovun “Qırmızı terror” əsərinə). Məhz 27 Aprel də Azərbaycanda “Qrob nedelya” (“Yağmalama həftəsi”) elan edilərək “Azərbaycan talan edildi, sərvətləri Rusiyaya daşındı. Yalnız 1920-ci ilin mayın 1-də Rusiyaya “Buniyad” gəmisi ilə 67, 528 pud neft; “Rus” gəmisi ilə 76697 pud mazut yola salındı. Ölkədəki ərzaq anbarları, dükanlar, ticarətxanalar talan edildi. 60 vaqon dolu əşya “Yoldaş Leninə Azərbaycandan hədiyyə” adı altında Moskvaya yollandı”. Bu talan siyasəti 1991-ci ilin sonlarına qədər amansızcasına davam etdi. Budurmu Sovet Hökumətinin bizə verdiyi inkişaf, xoşbəxtlik...

 

Hörmətli baş redaktor daha sonra yazırdı ki, “70 ildə qazanılmış bütün uğurları itirdik”. Biz işğala məruz qalan ilk gündən itkilərə məruz qalmamışdıqmı? İşğaldan bir necə ay sonra Sovet hökumətinin, xüsusən də Moskvanın “xeyir-duası” ilə “...Zəngəzur qəzasının 6.744 kv verstik ərazisindən 3.105 kv verstik Azərbaycan SSR tərkibində qalır, 3.637 kv verstik hissəsi isə Ermənistana” verilmədimi?

 

Belə faktları sadalasaq nəyinki bir məqalə, hətta əsərlər belə yaranar. Sonda yenə baş redaktorun öz fikirlərinə istinad etmək istərdim. K.N.Rəhimov yazırdı ki, “tarix ona böhtan atanları bağışlamır. Xüsusilə Vətənin tarixi, xalqın tarixi ilə siyasi alver etmək, onu saxtalaşdırmaq ... şərəfsiz həm də ümidsiz oyundur”.

 

Bəli, doğrudan da yanvar faciəsindən, Qarabağ müharibəsindən sonra yenə Kommunist Partiyasının, Sovet Hökumətinin şanını-şöhrətini göylərə qaldıranları nə yaxşı ki, tarix bağışlamadı, kimin-kim olduğunu faş etdi, sovet sevdalılarına (zəmanə yaltaqlarına) dərs verdi ki, qoy gənc nəsil kimin-kim olduğunu, xalqı, Vətəni (yaxud da öz günü güzaranı) üçün nə etdiyini bilsin.

 

Burada bir haşiyə çıxmaq istərdim. 1990-cı ilin fevral ayı idi. “Ədalət” qəzetində müxbir işləyirdim. Fevralın 19-da hörmətli alim Mirabbas Qasımov yekdilliklə BDU-nun rektoru seçilmişdir. Onun kollektivlə ilk görüşü universitetin böyük akt zalında kecirilirdi. Mən də bu tədbirdən məqalə hazırlamaq üçün orada idim. İçlas qutardıqdan sonra təbriklər başladı. Kimi kürsüyə qalxaraq kürsüdən, kim də yerdəki miqrafonlar vasitəsilə növbəli şəkildə təbriklərini bildirirdi. Bəzilərinin təbriki yox, həddən ziya məddahlığı, çox hörmətli müəllimim, professor Qulu Xəlilovu hövsələdən çıxardı. İcazəsiz yaxındakı mikrafona yaxınlaşdı, Mirabbas müəllimə yeni işində uğurlar dilədi və sonda gur səslə dedi: “Təbii hər rektor nəisə dəyişir. Biri tədris metodunu, biri katibəsini, biri otağını, biri mebelini və s. Mirabbas müəllim, mən Sizdən çox xahiş edirəm bu yaltaqları dəyişin!”. Qulu müəllimin bu sözündən sonra salona dəhşətli bir sükut çökdü, heç kim çıxış etmədi və iclas qutardı. Mirabbas müəllim, Qulu müəllimə yaxınlaşdı və səmimiyyətlə onun əlini sıxdı. Hiss olundu ki, Qulu müəllimin bu çıxışı ürəyincə olub. Bunu onun Qulu müəllimə dikilmiş baxışlarından sezdim.

 

Əməkdar jurnalist, Qərənfil Dünyamin qızı