İşğaldan azad olunan ərazilərimizlə bağlı yeni layihələri yaxın zamanda ictimaiyyətə təqdim edəcəm-Türkiyə Cumhuriyyəti 100” loqosunun müəllifi

Bölmə: Maraqlı › ,
Tarix: 15:58 30.10.2023

Azərbaycanlı dizayner Adam Yunisov adını Türkiyə tarixinə yazıb. Dizayner bu il oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümü münasibəti ilə loqo hazırlayıb.

 

Sözügedən məsələ ilə bağlı, İnformator.az saytı dizayner Adam Yunisovun fikirlərini öyrənib.

 

Hazırdakı iş yeriniz?

Dizayn fəaliyyəti həyatımın bir parçasına çevrilib.Dizaynın hər zaman həyatımda xüsusi bir yeri olub, olacaq. Bununla yanaşı 2000-ci ildə Türkiyənin Ankara şəhərində, 2022-ci ildə isə Bakı şəhərində “Element Visual Studio” adlı marketinq və reklam şirkətlərini qurdum. Şirkətin həm qurucusu, həm də ortağı olaraq hazırda peşəkar komanda ilə Türkiyə və Azərbaycanda, eləcə də beynəlxalq arenada dünya şirkətləri ilə birgə çalışırıq,

 

Hansı fəaliyyətlə məşğul olursunuz?

Dizayn aysberqin görünən tərəfidir deyə bilərəm. Biz yerli və beynəlxalq şirkətlərə kreativ həllər verir, 360 dərəcə marketinq xidmətləri təqdim edirik. Bəzən reklam filmləri çəkir, bəzən animasiya filmləri hazırlayır, ümumilikdə bu sektorun A-dan Z-ə bütün sahələrində uğurlu iş təqdim edirik. Bu işin əsas ideya və koordinasiya tərəfi məndə olsa da bütün işlərin ardında yaradıcı bir komandam dayanır.

 

İşğaldan azad edilən ərazilərlə bağlı ideyalarınız varmı? Əgər, yoxdursa, bu haqda nəsə etməyi planlaşdırırsınızmı?

Əlbəttə ki, ürəyi Vətənlə döyünən biri olaraq, Qarabağ Zəfəri məni olduqca qürurlandırır, fərəhləndirir. 2021-ci ildə “Zəfər saatı” layihəsini təqdim etdik. Saat birbaşa “Qarabağ Azərbaycandır!” və Zəfər Günü olan “10. 11. 2020” mesajı üzərində tərtib olunmuşdur. Tarix yaşadan və məhdud sayda 279 ədəd istehsal olunan “Zəfər saatı” “27.09” mesajı ilə Vətən müharibəsinin başladığı tarixi təcəssüm etdirirdi. Bu premium saat brendi olduqca marağa səbəb oldu. “Şuşa Qlobal Media Forumu” üçün Şuşa loqosu dizayn etdim. Bu loqoda dünya dizaynında yer alan minimalist yanaşma ilə Şuşa yazısı həkk olunub. Şuşanın sıldırımlar arasındakı labirintə bənzər yolları loqonun əsasını təşkil edir. Loqo elektron platanı də xatırladır ki, bu da medianın Dijital Erada onlayn formatda aktual olduğunu simvolizə edir. Eynilə ali baş komandan İlham Əliyev Xankəndində bayrağımızı dalğalandırdığı gün “Xankəndi loqosu” dizayn etdim. Bu loqo Xanın kəndinə qayıdış simvolu oldu. İşğaldan azad olunan ərazilərimizlə bağlı başqa yeni layihələr də var ki, onları da ən qısa zamanda ictimaiyyətə təqdim edəcəm.

 

Türkiyə tarixinə öz adını qızıl hərflərlə həkk etmək hər şəxsə nəsib olacaq iş deyil. Bu barədə təəssüratlarınız nələrdir?

Çingiz Aytmatovun belə bir gözəl cümləsini oxudum: “Bəzi duyğuları ifadə edəcək qədər dilimizdə söz yoxdur. Onsuz gərək də yoxdur. Duyğu olaraq qalması daha gözəldir”. Bu şanlı, qürurlu hisslər elə duyğu olaraq qalsa, gözəldir. Ancaq onu da ifadə edim ki, Türkiyə Cümhuriyyətinin 100-cü il loqosunun müəllifi olmaqla şanlı tarixin bir parçası olmağın qürurunu yaşadım. Hətta Türkiyə tərəfindən uğurla orbitə buraxılan “Türksat 5A” peykinin üzərində məhz bu loqo yer almış və bu hadisəni “Mənim ən zirvədəki əsərim budur!” sözləri ilə qeyd etdim.

 

Həcər Əmiraslanlı