İnternet ev yıxır, ya ev qurur?-Psixoloq açıqladı

Bölmə: Sosial › ,
Tarix: 21:58 31.10.2023

"Həddini aşan hər bir hadisə və duyğu öz zərərli təsirlərini insanlar üzərində qoyur".

 

Bu sözləri İnformator az-a açıqlamasında psixoloq Gülnar Orucov deyib. Psixoloqun sözlərinə görə, istər internet, istər sosial şəbəkə vasitəsi doğru məqsədlə istifadə edilərsə, bizə o qədər zərərləri toxunmaz.

 

“Amma bəzi insanlar sosial şəbəkəni ya yalnız tanışlıq, ya da əyləncə məqsədi ilə istifadə edir. Əslində internet olmasaydı bu gün insanların bu qədər səhvləri, cinayətləri də mövcud olmazdı. Çünki bəzən görürsünüz ki, biri cinayət törədir, ictimai isə onu qınaq etməkdənsə, bəziləri sosial şəbəkələrdə yazır ki, yaxşı elədi, düz elədi. Sanki, kiminsə bir insanı öldürmək haqqı var”.

 

Psixoloq açıqlamasında özünün internet üzərindən tanış olan, ailə quran insanlara heç də pis baxmadığını qeyd edib.

 

"Əvvəllər nə idi; bulaq başı idi, hamam idi, toy idi. Yəni burda kimsə kimisə görürdü, sevirdi, tanış olurdu və ailə qururdu. İndi bunların biri var, qalan ikisi yox kimi bir şeydi. Çünki hazırda hər kəsin öz evində hamamı var, heç kim də bulaq başına gedib su gətirmir. İndi insanlar sosial şəbəkə üzərindən tanış olur. Çünki günümüzdə elm və texnika həddən artıq inkişaf edib”.

 

Gülnar Orucova düşünür ki, biz bu gün internetin daha çox ev yıxdığını görürük.

 

“Mən dəhşətə gəlirəm ki, bir kişi öz həyat yoldaşının xəyanətini tutur və bunu telefonla çəkməyə başlayır. Bunu çəkəndən sonra öz həyat yoldaşını, uşaqlarının anasını rüsvay etmək istəyir. Burda artıq internet bir evi dağıtdı və bununla daqalmadı, övladlara, Azərbaycanın vətəndaşlarına psixoloji travma yaratdı. Çünki aylar, illər keçsə də, bəzi hadisələri, mətnləri sistemlərdən silmək mümkün deyil. Ona görə də bu gün biz internetin zərərlərini və fəsadlarını görürük”.

 

İnsanlar niyə tanış olurlar?

 

Gülnar Orucov deyir ki, məsələn, bir insanın həyatında boşluq olur, yaxud da ünsiyyət qurmaq qabiliyyəti zəif olur.

 

“Bəzən biz elə psixoloq kimi də məsləhət görürük ki, sizin danışıq qabiliyyətiniz zəifdir, sosial fobiniz var, adaptasiya olmaq probleminiz var, insanlar içində özünüzü təqdim etmə bacarığınız aşağı olduğu üçün yaxşısı budur ki, siz internet üzərindən tanış olasınız, fikirlərinizi bölüşəsiniz. Ondan sonra lazım olarsa, siz o insanla görüşəsinizBurda qəbahət bir iş yoxdur”.

 

Psixoloq qeyd edir ki;

 

“Bəzən də birinin həyat yoldaşı ilə hər hansı bir problemi olur, o dəqiqə keçir internetə, tanımadığı insanla tanış olmağa başlayır. Məlum məsələdir ki, bu gün sosial şəbəkələrə 18 yaşından aşağı olan insanlar da qatılır. Eləcə də sosial şəbəkəyə hər kəs düzgün məqsədlərlə girməyə də bilir. Biri kimisə şantaj etmək üçün, biri kimləsə tanış olub onun evinə oğurluğa girmək üçün, yaxud fərqli məqsədlərlə girən insanlar var”.

 

Psixoloq qeyd edir ki, internetə sadəcə tanışlıq məqsədi ilə girmək heç də doğru deyil.

 

“Sizin real həyatınız o qədər maraqlı olmalıdır ki, çalışmalısıniz ki, real həyatdan seçəsiniz. Çünki sosial şəbəkədə siz o insanı görmürsünüz, aylarla danışırsınız. Xüsusilə də sözüm oğlanlaradır. Məsələn, effektlə paylaşılmış şəkillərdi, xanımla tanış olur, sonra psixoloqa qədər gəlib çıxır ki, şəkildəki deyildi, mən başqasını gördüm. Yəni realda tanış olub, realda münasibət qurmanın daha çox üstünlük verən insanam. Sadəcə bəzi insanlara məsləhət görə bilərik, o da istisna halların olmasından aslıdır. Yəni sosial şəbəkədə tanış oluram, pis olacaq sonu, bu evlilik aldanma ilə xəyanətlə nəticələnəcək deyə bir şey yoxdur. Məsələn ən bəyənmədiyimiz şəbəkə "odnoklassniki"dir, mənim yaxın tanışlarım var ki, odnoklassniki'də tanış olub, evlənib və çox gözəl ailələri var. O insana görə dəyişən bir şeydir. Sən sosial şəbəkədə də, real həyatda da tanış olub xoşbəxt ola bilərsən. Yaxud, hər ikisinin tam əksi də ola bilər”.

 

Aynur Babayeva