1500 manat təhsil haqqı ilə keyfiyyətli kompüter mühəndisləri yetişdirmək mümkün deyil-Ekspertdən NARAZILIQ

Bölmə: Sosial › ,
Tarix: 17:32 03.11.2023

“İlk olaraq qeyd edim ki, orta məktəblərdə “fond pulu” anlayışı hazırda ötən illərə nisbətən, o qədər də aktual deyil. İndi demək olar ki, çox az məktəbin təmirə ehtiyacı var. Ola bilsin ki, müəyyən məktəblərdə şəxsdən, idarədən asılı olaraq qaynaqlanan problemlər ola bilər”.

 

Bu sözləri İnformator.az-a açıqlamasında təhsil üzrə ekspert Elçin Süleymanov söyləyib. Ekspertin sözlərinə görə, bu onu demək üçün əsas vermir ki, bütün məktəblər “fond və təbaşir pulu” yığırlar.

 

“Bəzən olur ki, fərdi qaydada hansısa valideynlər məktəbin inkişafı, övladlarının oxuduqları sinfin şəraiti baxımından müəyyən dəstək göstərirlər. Mən məsləhət görərdim ki, valideynlər, sinif rəhbərləri bu addımları atmaqdan bir qədər kənar dursunlar. Təbii ki, təhsilə yardım, olduqca faydalı bir haldır. Valideyn övladının təhsil aldığı məktəbin maddi-texniki bazasının inkişafına dəstək verirsə, bu alqışlanmalıdır. Sadəcə burada mexanizm olmalıdır ki, şagirdlər də bu dəstəyin faydasını görə bilsinlər”.

 

Ekspert deyir ki, universitetlərdə tələbələr sadəcə təhsil haqqı ödəyirlər.

 

“Bu da universitetin cari xərclərinə ödənilir. Ali təhsil müəssisələrində dövlət sifarişli tələbələrdə müsbət tərzdə irəliləyiş müşahidə edilib. Belə ki, bir neçə il öncə DS üzrə təhsil alan tələbələr 30% təşkil edirdisə, bu göstərici hazırda 55%-dir. Təqaüdlər isə I kursun ilk semesteri DS hesabına, sonra isə akademik göstəriciyə əsasən, rəqabət hesabına ödənilir”.

 

Elçin Süleymanov düşünür ki, universitetlərin təhsil haqqı çox böyük məbləğ təşkil etmir.

 

“Elm və Təhsil Naziri belə açıqlamasında qeyd edib ki, kompüter mühəndisliyi ixtisasında tələbənin ödədiyi 1500 manat təhsil haqqı ilə keyfiyyətli kompüter mühəndisləri yetişdirmək mümkün deyil. Universitetlər hazırda 2 fondla - tələbələrin ödədiyi təhsil haqqı və dövlət sifarişli tələbələr üçün dövlətin ödədiyi təhsil haqqı maliyyələri. Bunlar isə universitetin cari xərcinin 90-95%-i əhatə edir. Tələbələrin təhsil haqqı kifayət qədər normaldır”.

 

E.Süleymanov qeyd edir ki, tək-tük faktları kənara qoyaraq, tələbələr ödədikləri vəsaitin israf olunduğu fikrində olmamalıdırlar.

 

“Təhsil ən yaxşı investesiyadır. İllik 1500 təhsil haqqı verən mühəndis, məzun olanda 2000 - 3000 manat maaş alacaq. Yaxud, xaricdə təhsil almaq proqramında iştirak hüququ əldə edəcək”.

 

Ekspert əlavə edir ki, maddi imkanı olmayan tələbələr üçün də dəstək imkanları fəaliyyət göstərməlidir.

 

“Amma tələbələrin arzu etdiyi şəkildə infrastrukturun olmaması universitet rəhbərinin günahı deyil. Kifayət qədər qabaqcıl, müasir texnikalarla təchiz edilən univetsitetlərimiz də var. Universitetlərimiz inkişaf edir, edəcək”.

 

Həcər Əmiraslanlı