Zəfərin əbədiyyət carçıları-Nuranə Məmmədova yazır...

Bölmə: Maraqlı › ,
Tarix: 12:26 11.11.2023

Böyüyüb boya-başa çatdığım bu vətən, doğma yurdum, elim-obam, öz qəhrəman igidləri ilə hər zaman seçilib və seçiləcək. Vətənim igid oğulları ilə hər zaman fəxr edəcək. Bizim Zəfər carçılarımızın göstərdikləri bütün nəaliyyətləri öz nəaliyyətimiz kimi qəbul edirik, bununla qürur duyuruq.

 

İstər Müharibə dönəmi olsun, istərsə də qeyri vaxt Azərbaycan bu igidləri unutmur, unutdurmur. Vaxt keçir, lakin tarixdə izini qoyanlar heç vaxt yaddaşdan itmir. Buna bir çox nümunəmiz var. Polad Həşimov kimi Generallar, Mübariz İbrahimov kimi igidlər, Cəbrayıl Dövlətzadə kimi cəsarətli, inadlı gənclər buna ən böyük bariz nümunədir.

 

“Zəfərin carçıları” dedikdə təbii ki, ilk ağla gələn bizim mərd əsgərlərimiz olur. Hansı əsgərlər, qazilər, şəhidlər ki, qanı bahasına olsa da, Azərbaycanı işğal tapdağı altından azad etdilər. Bununla yanaşı, Ali Baş Komandanımızın xarici siyasəti nəticəsində biz qələbə çaldıq. Bu qələbəmizi igid qəhrəmanlarımıza və Prezdentimizə borcluyuq.

 

Bəxtiyar Vahabzadənin də dediyi kimi: “AZADLIQ AĞACI BAR VERƏ BİLMƏZ, ŞƏHİD QANIYLA SUVARILMASA”.

 

Təbii ki, biz istəməzdik ki, Vətənimiz şəhid versin, qazilərimiz olsun. Bu bir xalq üçün çox çətin bir hadisədir. Allah bütün şəhidlərimizə rəhmət etsin, qazilərimizə uzun ömür, can sağlığı versin. Biz bütün həyatımızı onlara borcluyuq. Nə etsək də, bu onun yanında heç nədir. Azərbaycan kimi demokratik, azad ölkənin vətəndaşı olduğum üçün hər zaman fəxr etmişəm.

 

Bu vətənin yetişdirdiyi bu qəhrəman oğullar isə bizim başımızı hər zaman uca edib, bizdə sonsuz güvən hissi yaradıblar. İstər yaşlı nəsil, istərsə də gənc nəsil ürəyində vətənpərvərlik hissi aşılayır. Bu elə vətən müharibəsində də görünürdü. Arxa cəbhənin ürəyi ön cəbhəylə döyünürdü. Mən bunları görəndə kövrəlir, göz yaşlarımı saxlaya bilmirdim.

 

Bir zamanlar uşaq ikən nənəm, babam, istərsə də valideynlərimın I Qarabağ Müharibəsindən danışarkən necə qəhərləndiklərini, necə hisslərə boğulduqlarını görürdüm. Bu hissin nə olduğunu anlamırdım. İndi isə mən bu hissləri yaşayıram. Lakin göz yaşlarım, kövrəlişim, yalnız qürur hissindən, zəfərimizdən və qələbədəndir. Belə bir şeyi gələcək nəsillərə çatdırmaq, onlarla öz təəssüratlarımı paylaşmaq üçün çox səbrsizlənirəm.İnşanı yazdıqda isə bir anlıq 2020-ci il 8 noyabr, səhər radələrinə qayıtdım.

 

Gəlin xatırlayaq…

 

İnsanların sevinci, uşaqların bayraqları fəxrlə əllərində gəzdirməsi, gənc nəslin bayraqlarla fərəhlə şəkil çəkməklə, sosial şəbəkələrdə “#QARABAĞAZƏRBAYCANDIR” yazısı ilə paylaşmaları, bəzi insanların bu qürur hissindən kövrəlmələrini izləmək bir başqa hissdir. İndiyədək mən hələ vətənimizi belə xoş, firəvan görmədim. Bu hissləri bizə yaşadan, bizə bir daha azad Azərbaycan vətəndaşı olduğumuzu xatırladan igid ZƏFƏR CARÇILARIMIZA BORCLUYUQ.

 

Bu vətənin Zəfər Carçıları ilə böyüyən igidlərinə baxdıqda, yalnız fərəh hissi keçir ürəkdən. Təki göz yaşlarımız Azərbaycanın belə igidlərinin göstərdiyi qəhrəmanlıq üçün axsın.

 

Heydər Əliyevin dediyi kimi: “Mən hər zaman fəxr etmişəm, indi də fəxr edirəm ki, MƏN AZƏRBAYCANLIYAM”.

 

Bu hissi bizə yaşadan Şəhid oğullarımızın ruhu qarşısında baş əyir, ruhuna Allahdan rəhmət diləyirik.

 

Nuranə Məmmədova

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbəsi