Bir ömrə sığmayan 44 gün…-Aysel Aslanova yazır

Bölmə: Maraqlı › ,
Tarix: 17:39 13.11.2023

Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir.

 

Sentyabrın 27-si Azərbaycanda Anım Günüdür. Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşən, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.

 

Torpaqlarının 20 faizi işğal altında qalan xalqımız bu vəziyyətlə hüç cür barışa bilməzdi. Düşmən nə qədər işğal etdiyi torpaqlarda möhkəmlənsə də, hər birimizdə inam var idi ki, Qarabağı düşmən tapdağından gec-tez azad edəcəyik. Bunun üçün isə düzgün vaxt seçilməli, yaxşı zəmin yaranmalı idi.

 

Gündən-günə dövlətimiz inkişaf etdikcə onun ordusu da qüdrətləndi. Məlumdur ki, müharibədə qalib gəlmək üçün ilk öncə gərək iqtisadi tərəfdən güclü olasan. Cənab Prezidentimizin apardığı uzaqgörən siyasət nəticəsində ölkəmiz iqtisadi gücünü artırdı. Müasir silahlar alınmaqla yanaşı, ölkədə müdafiə sənayəsinin yaranması da hərbi gücümüzün artırılmasına böyük təkan verdi. Azərbaycan ordusu dünyanın ən güclü orduları arasında özünə yer tapdı.

 

Ordumuzun Böyük Qələbəyə doğru irəliləməsi 2016-cı il Şanlı Aprel döyüşlərindən, 2018-ci il Naxçıvanda uğurlu Günnüt əməliyyatından, 2020-ci il Tovuz döyüşlərindən keçdi. 2016-cı il Aprel döyüşlərində əldə edilən qələbə böyük zəfərlərin müjdəçisi idi.

 

4 günlük döyüşlərdə Ermənistan ordusunun "qüdrətli", "yenilməz" mifi darmadağın oldu. Lələtəpədən Qarabağa açılan pəncərə düşmənə tezliklə daha ağır zərbələri endirəcəyimizin mesajını verirdi. Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsinə bir döyüş də - Tovuz döyüşləri də qızıl hərflərlə yazıldı. Tovuz döyüşləri ölkəmizdə xalq və Prezident, xalq və ordu birliyinin yenidən təcəssümünə çevrildi. Azərbaycan Ordusu bir daha göstərdi ki, Ermənistan ordusu həqiqətən də onun gücü qarşısında aciz və zəifdir.

 

Həmin günlər Azərbaycan xalqı ayaqda idi. Hər kəs döyüşmək, işğal altında olan torpaqlarımızı azad etmək üçün ölkə Prezidenti, Ali Baş Komandanın ətrafında sıx birləşdi. Düşmənə qarşı nifrət, axıdılan nahaq qanların qisasının alınması hamıda döyüşkənlik əhval-ruhiyyəsi yaratdı. Vətən müharibəsinin başlanması ilə Azərbaycan xalqının qisas arzusu, mübarizlik əzmi pik həddə çatdı. Xalq orduya, Ali Baş Komandana güvənərək onun arxasında sıx birləşdi. Hər kəsdə əminlik var idi ki, biz qələbə çalacağıq. Bu inamı bizə ölkə başçısının qətiyyətli siyasəti, ordumuzun gücü verirdi.

 

İlk gündən kəndlərimizin düşmən tapdağından azad edilməsi xalqımızı böyük sevincə boğdu. Bu anı xalqımız 30 ilə yaxın idi ki, səbrsizliklə gözləyirdi. Artıq məqam yetişmişdi. Düşmən törətdiyi cinayətlərin hesabını verməli, torpaqlarımızdan təmizlənməli idi.

 

44 günlük haqq savaşımızda erməni ordusu darmadağın edildi. Dəmir yumruq qarşısında onlar tab gətirə bilmədi. Ordumuzun hələ döyüş əməliyyatlarının başlanıldığı ilk gündə bir neçə yaşayış məntəqəsini işğaldan azad etməsi düşmənin şəxsi heyəti arasında vahimə və qorxu yaradıb. Hər addımda məhv edilən düşmən hərbçiləri çıxış yolunu yalnız geri çəkilməkdə görüblər və sağ qalanlar bununla canlarını qurtarmağa çalışıblar.

 

44 gün davam edən döyüşlər zamanı 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Belə ki, Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun bir neçə kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olunub.

 

Ermənistan İkinci Qarabağ müharibəsində məğlubiyyətini anlayaraq kapitulyasiya aktını imzaladı. Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Bununla da Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulub. Bəyanata əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları sülh yolu ilə Azərbaycana qaytarılıb.

 

Lakin Ermənistan 44 günlük müharibədən dərs alıb nəticə çıxarmadı. Noyabrın 10-da sənədi imzalamaq üçün gözə görünməyən Baş nazir Nikol Paşinyan şərtləri yerinə yetirmədi. Azərbaycan tərəfi rəsmi İrəvana öhdəliklərini yerinə yetirməyin vacibliyini müxtəlif vasitələrlə başa salsa da, əlavə şərtlər irəli sürüldüyünü gördük. Separatçıların təxtibatçı əməlləri, terror aktları anti-terror tədbirlərini qaçılmaz etdi. Cəmi 24 saat çəkən antiterror tədbirlərində seperatçı qüvvələr böyük itkilər vərərək ağ bayraq qaldırdılar. Bununla da Qarabağın erməni seperatçılarından təmizlənməsi prosesi daha da sürətləndi. İndi Şanlı bayrağımız, Xocalı, Ağdərə torpaqlarında dalğalandırılır.

 

Zəfər günlərini yaşadığımız üçün özümüzü xoşbəxt saymalıyıq. Bu qürurlu, şərəfli günləri gördüyümüz üçün nə qədər şükür etsək, yenə də azdır. İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunub.

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

 

Aysel Aslanova