İşləməyən şəxslərə mütləq şəkildə kompensasiya verilməlidir-TƏKLİF

Tarix: 18:10 16.11.2023
“İşsizlik məsələsi cəmiyyətdə bütün vətəndaşlarımız üçün keçərlidir. Doğrudur, əlillərə və şəhid ailələrinə bu məsələ ilə bağlı daim müəyyən güzəştlər və imtiyazlar tətbiq edilir. Amma bu o demək deyil ki, əsgərliyə getməyən, ancaq universitet bitirən vətəndaşlar işsiz qalmalıdır”.
Bu sözləri İnformator.az-a açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli söyləyib. Ekspertin sözlərinə görə, vətəndaşlar işlə təmin olunmadıqda, ehtiyaclarını ödəyə bilmədikdə, gedib oğurluq və quldurluq edəcəklər.
“Nəticə olaraq, ölkədə iqtisadiyyat üçün zəruri olan işçi qüvvəsi itəcək. Düşünürəm ki, vətəndaşlarımızın iş yerləri ilə təmin edilməsi hökumətin borcudur. Hökumət tam olaraq, vətəndaşları layiqli məşğulluqla təmin etməyə borcludur”.
Ekspert təklif edir ki, işləməyən şəxslərə mütləq şəkildə kompensasiya verilməlidir.
“Bizlərin, yəni işləyən insanların əmək haqqından ayırıb işsizlik fonduna ödənişlər edirlər. Bəs, bunlar niyə işsizlərə göndərilmir ki? Ya dövlət vətəndaşları iş yerləri ilə təmin etməlidir, ya da onlara işsizlik müavinəti düzgün şəkildə verilməlidir. Müavinət nəticəsində vətəndaşlar ən azından iş tapana qədər sıxıntı yaşamayacaq”.
Xalid Kərimli deyir ki, dövlət bu vəzifəni indi öz üzərindən, işləyən şəxslərin üzərinə atdı.
“Əlbəttə, Vətən qarşısında hər birimizin borcu var. 2019-cu ildə Prezidentin sərəncamına əsasən, müharibədə iştirak edən qazilərimizə 80 manat veteran pulu ayrılıb. Amma biz ötən 4 il ərzində ikirəqəmli inflyasiya müşahidə edirik”.
İqtisadçı düşünür ki, bu məbləği veteranlara minnətdarlıq hissi ilə veririksə, bunun artırılmasına da baxılmalıdır.
“2019-cu ildə mövcud ərzaq qiymətləri ilə 2023-cü ilin qiymətləri arasında çox fərq var. O dövrün ərzağı indi 40 manatdır. Qanunvericilikdə müharibədən qayıdan şəxslər, qazilərimiz üçün əlavə üstünlüklər, güzəştlər tətbiq olunmayıb”.
Ekspert bildirir ki, hökumətin büdcəsinə baxanda görür ki, hələ də sosialyönümlü xərclər gələn ilin büdcəsində 22 milyard 800 milyon manatdır.
“Amma neft sektorunu çıxartsaq, qeyri-neft sektoru 17 milyard manat təşkil edəcək. Burdan belə görünür ki, hökumət özünün cari xərclərini ödəmək üçün gedir neftin pullarından xərcləyir, nefti satır, pulunu da camaata ödəyir”, - deyə ekspert əlavə edib.
Həcər Əmiraslanlı