147 nömrəli avtobusa alternativ avtobus yaradıla bilərmi?
Bölmə: Sosial › ,Tarix: 18:42 23.11.2023
Abşeron rayon Məhəmmədi kəndindən Azadlıq metro stansiyası istiqamətdə hərəkət edən 147 nömrəli avtobusun sərnişinləri avtobusdan narazılıqlarını bildirirlər. Avtobusun sərnişinlərindən redaksiyamıza daxil olan şikayətdə bildirilir ki, Digah və Məhəmmədi sakinlərinin alternativ avtobusu yoxdur, o cümlədən 147 nömrəli avtobusun tutumu kiçik, şəraiti isə əlverişsizdir. Sakinlərin sözlərinə görə, məhz bu səbəbdən səhərlər avtobus Digahda dayanmadan hərəkət edir və Digah sakinləri yeganə avtobuslarına minə bilmirlər.
147 nömrəli avtobusa alternativ avtobus yaradılması, yaxud da bu istiqamətdə başqa tədbirlərin görülməsi ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət etdik.
Qurumdan İnformator.az-a açıqlamada bildirildi ki, 147 nömrəli marşrut üzrə 12 ədəd kiçiktutumlu avtobus 15 dəqiqə intervalla fəaliyyət göstərir. Pik saatlarda yollarda yaranan nəqliyyat sıxlığı xüsusən Binəqədi şosesində olan tıxac marşrutda intervalın artmasına və sərnişin sıxlığının yaranmasına səbəb olur.
AYNA tərəfindən daşıyıcıya marşrut üzrə avtobus sayının artırılması, mövcud avtobusların nisbətən iritutumlu avtobuslarla əvəz edilməsi və marşrutun nizamlı fəaliyyətinin təmin edilməsi istiqamətində tədbirlərin görülməsi barədə tapşırıq verilib.
Aparılan optimallaşma işləri çərçivəsində qeyd edilən ərazilərin əlavə marşrutla əlaqələndirlməsi məsələsinə təhlillər əsasında baxılacaq.
Məryəm Abdullazadə