Test üsulu ləğv edilməlidirmi?-Ekspert rəyi
Bölmə: Sosial › ,Tarix: 20:25 24.11.2023
Ölkəmizdə istər orta məktəblərdə tərtib edilən summativ qiymətləndirmələr, istərsə də Ali məktəblərin qəbul imtahanlarında test tipli tapşırıqların ləğv edilməsi tez-tez gündəmə gətirilən mövzulardandır. Məsələ hamı tərəfindən birmənalı qarşılanmır və test üsulunun ləğvi ilə bağlı zaman-zaman müxtəlif fikirlər səsləndirilir. Bəzi insanlar test üsulunun abituriyentləri əzbərçiliyə yönləndirdiyini iddia edirlər. Bəs, test üsulunun ləğvi təhsilin keyfiyyətinə necə təsir edə bilər?
Məsələ ilə bağlı təhsil eksperti Elçin Süleymanov İnformator.az-a danışıb. Ekspertin sözlərinə görə, test üsulu biliyin ölçülməsi üçün uyğun bir sistem deyil.
“Ancaq hazırda təhsilin mərkəzi şəkildə qiymətləndirilməsi ,operativlik və müəyyən qədər obyektivlik baxımından istifadə olunur”.
Elçin Süleymanov düşünür ki, son illərdə test üsulundan kənarlaşma halları çox sıx müşahidə olunur.
“Hazırda isə Dövlət İmtahan Mərkəzi (DİM) açıq tipli suallardan da istifadə edir. Bildiyimiz kimi, şagirdlərə həm ingilis dili,həm də azərbaycan dilində esse yazdırılır".
Müsahib qeyd edir ki, test üsulu tək qiymətləndirmə vasitəsi olmamalıdır, ancaq mərkəzi imtahanların başqa cür keçirilməsi də mümkünsüzdür.
"Dünya səviyyəli ümumi imtahanları da test tipli suallar ilə yanaşı danışıq, dinləyib-anlama hissəsi ilə keçirilir. Yəni, şagirdlərin bilik və bacarıqlarının ölçülməsi üçün sadəcə test tipli suallar yox, alternativ metodlardan da istifadə edilməlidir. Bu problem sadəcə Azərbaycanda deyil, bir çox ölkədə də mövcuddur”.
E.Süleymanov qeyd edir ki, DİM bu sistemə məcburdur, çünki başqa cür yol tətbiq etmək üçün infrastrukturu yoxdur.
“Yəni, hər il 90.000-100.000 nəfər abituriyent ali məktəbə sənəd verir, onların bilik və bacarıqlarının şifahi və ya yazılı imtahanlarla yoxlanılması çox çətindir. DİM bir neçə il əvvəl magistratura imtahanında II mərhələ ixtisas sualları yazılı olaraq keçirildi. Onun yoxlanma prosesinə çox vaxt sərf olundu. Həmçinin, DİM-in keçirdiyi imtahanlarda açıq tipli sualların yoxlanılmasına 3-4 həftə vaxt gedir. Bəzən burada qeyri-obyektiv yoxlamalar,insan xətaları da ola bilir".
Ekspert düşünür ki,test sistemi qalmalıdır, ancaq metodologiyası dəyişməlidir.
“Burada beynəlxalq imtahanların təcrübələrindən də istifadə oluna bilər. Test və qiymətləndirilmənin müəyyən obyektiv meyarları olmalıdır. Hesab edirəm ki, hazırda test sistemi ən yaxşı sistem kimi qalmalıdır,lakin təkmilləşdirilməlidir. Şagirdləri əzbərə yox,biliyinin və analitik düşüncəsinə yönəlik ölçülməsinə istiqamətləndirilməlidir", - deyə ekspert əlavə edib.
Nəzrin Mirzəyeva