Əgər təmayül siniflərin təhsilimiz üçün uğurlu olmasını istəyiriksə-Ekspertdən TƏKLİF

Bölmə: Sosial › ,
Tarix: 20:43 24.11.2023

“Təmayül siniflərdə şagird sayının maksimum 15-20 nəfər nəzərdə tutulması məqsədəuyğundur. Bu gün bizim ümumorta təhsil müəssisələri təəssüf ki, şagird sıxlığından əziyyət çəkirlər”.

 

Bu sözləri İnformator.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, təhsil tədqiqatçısı Elmin Nuri söyləyib. Ekspertin sözlərinə görə, bu məsələnin bir sıra bəlli səbəbləri var.

 

“Bu gün əhali, əsasən, paytaxta, paytaxtdan isə Abşeron və Sumqayıta cəm olmağa başlayıb. Həmçinin, kəndlərdən həmin rayonun mərkəzinə adamlar axın etməyə başlayırlar”.

 

Ekspert düşünür ki, əsas sıxlıq isə Bakı, Abşeron və Sumqayıtda müşahidə edilir.

 

“Əsasən də, Bakıda. Biz bu vəziyyətdə təmayül siniflərdə şagirdlərin sayını 15-20 nəfərlə məhdudlaşdırmağa məcbur qalmışdıq. Qanunvericiliyə əsasən, sinif otağında hər şagirdə 2 kvadrat metr ərazi düşür. Sıravi təhsil müəssisələrində bu qaydanı gözləmək sadəlövhlük olardı, bu etmək isə mümkün belə deyil. Ona qalsa, gərək siniflərdə 25-dən artıq uşaq olmasın”.

 

Elmin Nurinin sözlərinə görə, bu gün 42 şagirdin eyni sinifdə təhsil almasının belə şahidi oluruq.

 

“Təmayül siniflərdə uşaq sayının 20 nəfər olması belə, çoxdur. Maksimum hədd 15 nəfərlə məhdudlaşmalı idi. Çünki bu təmayül sinifdir. Burada konkret istiqamət üzrə şagirdləri formalaşdırırlar”.

 

Müsahib qeyd edir ki, Təmayül sinifdə təhsil alan uşaqların yanaşma tərzləri də eyni olur, təkəffürləri də bir-birinə uyğunlaşır.

 

“Siniflərdə şagird sayının çoxluğu təhsilin faydalı olmasının da qarşısı alınır. Başa düşürəm, şagird sıxlığının pik həddə çatdığı bir məqamda təmayüllü siniflərdə uşaq sayını 20-də saxlamaq çətindir. Əgər təmayüllü siniflərin təhsilimiz üçün uğurlu olmasını, orada təhsil alan uşaqların əmək bazarlarında yüksək keyfiyyətli ixtisaslar üzrə yiyələnmələrini istəyiriksə, şagirdlərin sayını 20-dən yuxarı qaldırmamalıyıq”, - deyə ekspert yekunlaşdırıb.

 

Aydan İsayeva