Antibiotiklərin nə kimi fəsadları var?-Həkimdən XƏBƏRDARLIQ

Bölmə: Sosial › ,
Tarix: 20:55 24.11.2023

Statistik məlumatlar Avropada hər il 35 mindən çox insanın antibiotiklərin lazımsız istifadəsi və antimikroblara davamlı infeksiyalar ucbatından öldüyünü göstərir. Antibiotiklər dünyada ən çox allergik reaksiya verən dərman maddələridir.

 

Məsələ ilə bağlı Həkim, Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti Aydın Əliyev İnformator.az-a açıqlamasında deyir ki, antibiotiklər dünyada ən çox allergik reaksiya verən dərman maddələridir.

 

"Allergik reaksiyalarda bəzən ağır formalar olur. Məsələn bronxların spazmı ola bilər, ürək döyüntüləri zəifləyər, təzyiq düşər, insan şoka düşər və xəstəni itirə bilərik. Allergik reaksiyalar, mədə-bağırsaqda xoşa gəlməyən əlamətlər, qusma, qarın ağrıları, disbakteriozların məhvi baş verir. Qanın ağ qan hüceyrələri, yəni neyrtofillərin miqdarı azalır. Ağ qan hüceyrələri də azalanda orqanizmin yenidən immun sistemi zəifləyir”.

 

Həkim qeyd edir ki, insan xəstələnəndə ona dərman maddəsini həkim yazmalıdır.

 

"Burda isə problem başqa cürdür. Bizim bədənimiz digər canlılardan xəstəliyə yoluxur, xəstələnirik və təyin olunan dərman da həm mikroba qarşı, həm də insan bədəninə təsir göstərir. Ona görə də dünyada antibiotiklərin işlədilməsinə çox ciddi yanaşılır”.

 

Aydın Əliyev məsləhət görür ki, heç vaxt heç bir dərmanı həkim məsləhəti olmadan qəbul etməməliyik.

 

"Dərmanın qanunu budur. Çünki elə antibiotiklər var ki, onu həkim təyin edə bilir və qəbul edirsən. Amma elə mikroblar da var ki, sənin təyin etdiyin dərmanı parçalayır. Artıq o dərmanın xəstəyə heç bir xeyri yoxdur, əksinə ziyanı var. Həmçinin həkim də müəyyənləşdirməlidir ki, hansı mikrobdur, hansı mikrob ailəsidir və ona uyğun antibiotik təyin etməlidir”.

 

Həkim təəssüflə bildirir ki, antibiotikləri Azərbaycanda həkimsiz qəbul edənlər var.

 

"Lakin bu qəti surətdə yolverilməzdir", - deyə həkim yekunlaşdırıb.

 

Aynur Babayeva