İnsan ömrünün qısalmasının əsas səbəbləri…-Həkimdən XƏBƏRDARLIQ

Bölmə: Sosial › ,
Tarix: 11:17 25.11.2023

Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası, İqtisadiyyat Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun birgə hazırladığı “Azərbaycanda DİM-in Maliyyələşdirilməsi” ilə bağlı hesabat dərc olunub. Hesabata görə, Azərbaycan sağlamlıq və uzunömürlülüyə görə 144-cü yerdə qərarlaşıb.

 

Mövzu ilə bağlı həkim-infeksionist Mərdan Əliyev informator.az-a açıqlamasında bildirib ki, insan ömrünün qısalmasında son illər bir çox faktorların təsiri var.

 

"Bunlara hava və səs kirliliyi, yediyimiz qidaların keyfiyyətsiz olması, trans yağlardan istifadə daxildir. Bizim ölkədə trans yağlardan xeyli dərəcədə çox istifadə olunur və bunlar çox zərərlidir”.

 

Həkim hesab edir ki, ömrün qısalmasında əsas və ən böyük faktor oturaq həyat tərzidir.

 

"Oturaq həyat tərzi bizim ömrümüzün qısalmasında əsas rol oynayır. Son illər avtomobillərin həyatımıza daxil olması ilə biz artıq hərəkət etməz vəziyyətə gəlmişik. Hər yerə maşınla gedirik, evdə də otururuq və nəticədə çox az hərəkət edirik. Hərəkətsizlik bizim orqanizmimizə yaddır. Çünki əcdadlarımız həyatı hərəkət edərək, ayaqüstə başa vurublar. Amma biz artıq oturaq həyat tərzinə keçirik. Oturaq həyat tərzi qan dövranının pisləşməsinə, ürək-damar sistemi xəstəliklərinin meydana çıxmasına, damar tutulmalarına, ürək infarktına, insulta, şəkər xəstəliyinə, piylənməyə hətta qəfil ölümlərə də səbəb olur”.

 

Müsahib onu da qeyd edir ki, deyə bilərsiniz ki, Avropa ölkələrində də hərəkətsizlik var.

 

"Hərəkətsizlik dövrün tələbidir, lakin onlar bu hərəkətsizliyin onlara ziyan olduğunun fərqindədirlər və idmanla məşğul olurlar, velosiped sürürlər. Hətta Avropa ölkələrində bəzi iş yerlərində ayaq üstə yazı yazmaq, söhbət etmək üçün stollar da var. Oturmadan, stolun kənarında durub bir işlə məşğul olmaq olur”.

 

Mərdan Əliyev eyni zamanda qeyd edir ki, son illər bizim qidalanmamızın da keyfiyyəti aşağı düşüb.

 

"Rafinə olunmuş məhsullardan çox istifadə orqanlarımızın tədricən sıradan çıxmasına, ömrün azalmasına gətirib çıxarır. Rafinə olunmuş məhsullar deyərkən, sosis, kolbasa və s. kimi məhsullar nəzərdə tutulur. Televiziyada çox xeyirli bir şey imiş kimi, bu məhsulların reklamını çox verirlər. Əvvəllər isə belə məhsullar çox əlçatan deyildi. Fərqində olmayan insanlar dadlı və ucuzdur deyərək, həddindən artıq istifadə edirlər”.

 

Həkim sonda vurğulayıb ki, həmçinin bu məhsullar toksinlərin yığılmasına və piylənməyə səbəb olur.

 

Aynur Babayeva