Məktəblərdə yeməklərin dövlət tərəfindən təmin edilməsi nəyi dəyişəcək?-Mütəxəssis açıqlayır
Bölmə: Sosial › ,Tarix: 11:29 25.11.2023
Milli Məclisin iclasında deputat İltizam Yusifov təklif edib ki, kiçik siniflərin şagirdləri və aztəminatlı ailələrin uşaqlarının dövlət hesabına məktəblərdə qidalanması təmin edilsin. Əgər bu təklif həyata keçirilərsə, məktəblilər hansı qidalarla təmin edilə bilər? Məktəblərdə dövlət tərəfindən yeməklər təmin edilərsə,hansı müsbət hallar yaranar?
Qida eksperti Ağa Salamov sözügedən məsələ ilə bağlı informator.az saytına açıqlama edib.
“Məktəblərdə vahid menyu tərtib olunarsa, oraya uşaqlar üçün tərəvəz şorbaları daxil edilərsə, qazlı,rəngli kimi içkilər olmazsa, kampot kimi mövsümi meyvələrdən hazırlanmış, lifli və vitaminli içkilər hazırlanarsa,bu uşaqlar üçün faydalı olar”.
Ağa Salamovun sözlərinə görə, valideynlər, xüsusilə maddi durumu yüksək olmayan valideynlər övladlarının sağlam yemək yeyəcəyindən,zəhərlənməyəcəyindən arxayın olacaq.
“Çünki bu dövlət tərəfindən atılan addımdır. Təbii ki, Elm və Təhsil Nazirliyinin qərarı ilə formalaşan menyu tərtib olunacaq".
Ekspert Azərbaycanda zəhərlənmə halları tez-tez baş verməsini təəssüflə qeyd edir ki, risk qrupuna daxil olan yaşlara uşaqlar, hamilə xanımlar, immunitet sistemi zəif olan şəxslər daxildir.
"Uşaqlara menyular tərtib olunsa, təbii ki, dövlət tərəfindən qida məhsullarının təmin edilməsi,saxlanmasına nəzarət ediləcək. Amma bəzən hər hansı bir şəxs məktəb bufetini icarəyə götürür və orada məktəblilərə nə satdığı əsas mövzudur. Bəzən isə uşaqlar məktəbdə yemir, çıxıb kənarda dönər yeyirlər və tez-tez buna görə zəhərlənmə halları baş verir. Bu da xoşagələn hal deyil, olduqca neqativ bir haldır", - deyə ekspert yekunlaşdırıb.
Nəzrin Mirzəyeva