AQTA əhalinin qida sağlamlığının qorunması istiqamətində hansı addımlar atmalıdır?-AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 16:37 25.11.2023

“Düşünürəm ki, AQTA-nın bütün ərazilər üzrə şöbələri olmalıdır. Bu şöbələrdə ərazi üzrə inspektorlar təyin olunmalı və inspektorlar mütəmadi olaraq həmin ərazilərdə reydlər keçirməlidirlər”.

 

Bu sözləri imformator.az-a açıqlamasında qida mütəxəssisi Ağa Salamov söyləyib. Mütəxəssisin sözlərinə görə, aşkarlanan neqativ hallara qarşı cərimələr tətbiq edilməlidir.

 

“İlk cərimə xəbərdarlıq olmalıdır ki, antisanitar vəziyyətdə işləyən, insanların sağlamlığını təhlükəyə atan şəxslərin də birmənalı şəkildə fəaliyyətlərini dayandırılsın”.

 

Mütəxəssis qeyd edib ki, Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məhdud sayda işçi ilə fəaliyyət göstərməsinə baxmayaraq, bu gün olduqca operativdir.

 

“Bu gün müəyyən bölgələrdə reydlər keçirilir, amma gəlin baxın, Xırdalan nə gündədir?! Xırdalanda kababxanalarda, dönərxanalarda antisanitar vəziyyətdə işləyirlər. İctimai yaşayış müəssisələrində uşaqları, hamilələri, yaşlıları, risk qrupuna daxil olan insanların həyatını riskə atırlar”.

 

Qida mütəxəssisi deyir ki, küçə satışları və satışlarda olan antisanitar vəziyyət, ətraf mühitin çirklənməsi, zibillərin küçədə aşıb-daşması kimi hallar çox neqativ hallardır.

 

"Bunların qarşısı bütün ərazilərdə birmənalı olaraq alınmalıdır. Qanunsuz fəaliyyət göstərən obyektlərin fəaliyyəti dayandırılmalı və onlara cərimə tətbiq edilməlidir”.

 

Ağa Salamovun sözlərinə görə, əsasən quş sexlərində və satış yerlərində problem yüksəkdir.

 

"Toyuq dönəri satılan yerlərdə, Küçədəki kababxanalarda təhlükə mənbəyi yüksəkdir. Çünki toyuq salmonella bakteriyasının daşıyıcısıdır. Salmonella bakteriyasının daşıyıcısı olan toyuğun özü də bakteriyanı çarpaz çirklənmə nəticəsində, yaxud düzgün emal prosesinin, kəsimin olmaması və qida zəncirinin qırılması nəticəsində qida zəhərlənməsi baş verə bilir”.

 

Aynur Babayeva