Xaricdə təhsil bizim üçün çıxış yolu deyil, gələcək arzularımız üçün bir yol olmalıdır-Gülçin Əsgərova
Bölmə: Sosial › ,Tarix: 16:48 25.11.2023
"İnformator.az" saytının "Xaricdə təhsil alan tələbələr" rublikasının növbəti müsahibi Gülçin Əsgərovadır.
Gülçin Əsgərova kimdir?
Mən Gülçin Əsgərova, 2001-ci ildə Goranboy rayon Xanqərvənd kəndində anadan olmuşam. 2022-ci ildə Bakı Dövlət Universitetinin Psixologiya, SABAH qruplarından məzun oldum. SABAH qruplarından məzun olmağın mənim üçün xüsusi bir üstünlük olmasını düşünürəm. Hazırda Türkiyənin Samsun şəhərində yerləşən Ondokuz Mayıs Üniversitesin'də Psixologiya ixtisası üzrə magistr təhsili alıram.
Proqramı necə qazandınız?
Türkiyə Bursları proqramının qalibi olaraq təhsilimi davam etdirirəm. Bu təqaüd proqramına müraciət fevral ayında olur və magistr dərəcəsi üçün müraciət edən namizədlərdən ortalama bal, ixtisası üzrə sosial aktivliklər, varsa, iş təcrübəsini sübut edən tövsiyə məktubları, magistr dissertasiya mövzusu haqqında məlumat tələb edilir. Mənim ümumi ortalama balım 96.38 idi, bundan əlavə 1 Saylı Respublika Psixiatriya Klinikasında, Respublika Narkoloji Dispanserində, Ailə- Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsində, Hədəf STEAM liseyində təcrübədə olmağım, ixtisasımla əlaqəli layihələrdə, təlimlərdə aktiv iştirakıma, həmçinin, magistr dissertasiya mövzusu haqqında olan yazı işinə görə digər namizədlərdən fərqləndiyimi düşünürəm. Təqaüdə müraciət iki mərhələli olur. İlk olaraq sənədlər təqdim olunduqdan sonra seçilmiş tələbələrlə müsahibə mərhələsi olur. Müsahibə mərhələsində isə tələbələrin bu təqaüdə müraciət etmə motivlərini izah etmək üçün imkan yaradılır. Müsahibə mərhələsindən sonra isə iyul ayı ərzində nəticələr elan olunur və qazanan tələbələrə bu təqaüd imkanını qəbul edib-etməmələri üçün bir aylıq müddət verilir.
Proqramın üstünlükləri nələrdir?
Türkiyə Bursları təhsil haqqını, siğorta xərclərini, qonaqlama, yəni, yataqxana və buraya daxil olan qidalanma xərclərini, türk dili biliyi C1 səviyyəsində olmayan tələbələr üçün bir illik türk dili kursunu və bir dəfə gediş- gəliş üçün təyyarə bileti xərclərini qarşılayır. Bundan əlavə olaraq da, magistr təhsili alan tələbələrə aylıq 2,400 tl məbləğində təqaüd verilir.
Xaricdə təhsil almağa necə qərar verdiniz və müraciət zamanı nə kimi çətinlikləriniz oldu?
Xaricdə təhsil almaq mənim orta məktəb dövründən üzərində düşündüyüm və addımlarımı da buna görə atdığım bir xəyal idi. Bakalavr təhsili aldığım dövrdə də ixtisasıma dair biliklərimi həm nəzəri, həm də praktiki cəhətdən genişləndirmək, başqa bir ölkənin təcrübəsini öyrənmək üçün əvvəlcə hansı ölkələrə gedə bilərəm, hansı təqaüd proqramları var və tələbləri nələrdir deyə araşdırma etdim. Bakalavr təhsilimi tamamladıqdan sonra isə təqaüd proqramlarına müraciət etməyə başladım. Müraciət prosesi olduqca rahat idi, yəni, proqramların veb saytlarından baxaraq və ya qəbul şöbəsinə e-mail yazaraq, telefon vasitəsilə əlaqə saxlayaraq suallarımı ünvanlayıb, ona uyğun müraciəti tamamlaya bildim. Bir digər önəmli məqam isə təqaüdlərə müraciət zamanı motivasiya məktubunun olduqca düzgün, detallı əsaslandırılması olduğunu düşünürəm. Bu qəbul şöbəsinin sizinlə fiziki olmasa da ilk tanışlığıdır və sizin yazdığınız hər bir cümlə onların təxəyyülündə sizin obrazınızı, ideallarınızı təmsil edir. Bunun üçün olduqca səmimi, özünə inamlı əsaslandırılmış olması çox önəmlidir.
Gələcək planlarınız nələrdir?
Gələcək planlarım arasında öz ölkəmə hər bir mənada inkişaf edən, özgüvənli və daha da donanımlı şəkildə qayıtmaq var. Magistr təhsilimi tamamladıqdan sonra bir neçə il iş təcrübəsi toplayıb, sonrasında doktorantura təhsilimi tamamlayıb elə qayıtmağın daha da faydalı olacağını düşünürəm.
Türkiyədə sizi ən çox cəlb edən olub?
Türkiyə hamımızın uşaqlıq dövründən adətlərinə, qanunlarına, mədəniyyətinə tanış olduğumuz bir ölkədir. İlk bura gəldiyim müddətdə hər hansı bir kültür şoku yaşamadım, hətta uzun müddət bu ölkədə yaşamışam kimi hiss edirdim. Burada diqqətimi daha çox cəlb edən tələbələr üçün sosial fəaliyyətlərin çox əlçatan olması idi. İstər yerli tələbələr, istərsə də xarici tələbələr üçün dil kursları, incəsənət kursları ödənişsiz şəkildə təşkil olunur, şəhərdaxili və turistik gəzintilər üçün tələbələri cəlb etmələri, şəhərin, ölkənin tarixini xarici tələbələrə tanıtmaq üçün tədbirlərin təşkil olunması olmuşdur. Bundan əlavə, Samsunda yaşayan azərbaycanlılar 8 noyabr qələbə günündə tədbir hazırlayaraq, tariximizi, qələbəmizi tanıtmaq üçün imkanların yaradılması imkanımız olmuşdu. Bunun üçün universitet rəhbərliyi tərəfindən universitetdə təhsil alan xarici tələbələrin də bu tədbirə cəlb olunması həm öz tariximizi düzgün tanıtmağımıza, həm də xarici tələbələrlə daha çox ünsiyyət imkanları yaratmağımıza səbəb oldu.
Təhsil aldığınız ölkədə daha çox hansı problemlərlə qarşılaşırsınız?
Təhsil aldığım müddət ərzində hər hansı bir problemlə qarşılaşmamışam, yəni, təhsil alacağınız ölkənin dilini bilməyiniz, mədəniyyəti haqqında məlumatlı olmağınız sizə daha yaxşı adaptasiya olmağınıza və olası problemləri həll etməyə köməklik edəcəkdir.
Bu gün bakalavr təhsili alsaydınız nələri fərqli edərdiniz?
Bugün yenidən bakalavr təhsili alsaydım, pandemiya dövrü olmadığı və imkanlarımızın məhdudlaşdırılmayacağı üçün daha çox iş təcrübəsi toplamaq istərdim, bundan başqa ingilis dilindən başqa alman dili üzrə də biliklərimi daha da genişləndirərdim. Çünki nə qədər çox dil bilsəniz, o qədər çox akademik mənbəyə əlçatanlılığınız olacaq və bu da ixtisasınız haqqında daha geniş araşdırma etməyə, yeniliklərdən xəbərdar olmağınıza şərait yaradacaq.
Bakalavr təhsili alanlara tövsiyələriniz.
Bakalavr təhsili alan gənclərə o yolları keçmiş biri olaraq tövsiyəm budur ki, ilk öncə sevdiyiniz ixtisas üzrə təhsilinizi davam etdirməyinizdir. Bundan başqa mütləq bir və ya iki xarici dil üzrə biliklərinizi genişləndirin. Həmçinin, istər öz ixtisasınız üzrə, istərsə də liderlik bacarıqlarınızı genişləndirmək üçün sosial fəaliyyətlərdə aktiv iştirak edin.
Türkiyədə, ümumiyyətlə, xaricdə təhsil almaq istəyənlərə tövsiyələriniz.
Xaricdə təhsil almaq istəyirsinizsə, ilk növbədə ixtisasınız və onun inkişaf etdiyi ölkələri yaxşı araşdırmağınızdır. Hansı ölkə sizə həm nəzəri, həm də praktiki biliklər qazandıracaq, hansı ölkədə iş imkanları daha çoxdur deyə araşdırma edilməlidir. Bundan başqa isə bir arzunuz, xəyalınız varsa, bunun üçün sonuna qədər inamlı addımlamağınızdır. Bu yolda bir çox problemlərlə, frustrasiya ilə qarşılaşa bilərsiniz. Ətrafdakı insanlar sizi demotivə edə bilərlər, lakin unutmayın ki, hər hansı bir yolda nəticədən önəmli olan o yolda verdiyiniz əmək olur. Yəni, fəaliyyətin nəticəsindən çox o yolda atdığınız addımlar bunu daha unudulmaz edir.
Psixoloq kimi gənclərə demək istədikləriniz.
Psixoloq kimi isə gənclərə demək istədiklərim budur ki, bəzən xaricə getmək, ailəmizdən, dostlarımızdan, tanıdıqlarımızdan uzaq yaşamaq bizə problemlərimizi həll etmək üçün bir çıxış yolu kimi gələ bilər. Lakin getdiyimiz ölkədə problemləri arxada qoysaq da, öz-özümüzə tək qalacağımız üçün o problemləri tam da həll etmiş sayılmırıq. Bunun üçün xaricdə təhsil bizim üçün çıxış yolu deyil də, gələcək arzularımız üçün sadəcə bir yol olmalıdır.
Bir digər məqam isə gedəcəyiniz ölkənin mədəniyyətini, insanları haqqında araşdırma etmək lakin önyarğılarla yaxınlaşmamaqdır. Gözləmədiyimiz situasiyalarla qaşılaşa bilərik, bunun üçün daima olası ehtimallara qarşı toleranslı olmalı və insanları daha yaxşı tanımaq üçün onlara bir şans verməli olduğumuzdur. Öz gələcəyi üçün, özünü təsdiq üçün addım atan hər bir gəncə uğurlar arzulayıram, unutmayın ki, əsaslandırılmış hər bir istək, arzu reallaşır, sadəcə sonuna qədər inamla addımlayın!
Asiman Hafizqızı