Azərbaycanda magistr təhsili tələbələrə çox şey vəd etmir-Ekspert rəyi

Bölmə: Sosial › ,
Tarix: 18:37 25.11.2023

Bu gün Azərbaycanda da Boloniya prosesinin bir hissəsi olan, Qərb ölkələrində təşəkkül tapan ikipilləli ali təhsil sistemi mövcuddur. Baza ali təhsilini bakalavr səviyyəsində bitirən istənilən tələbə konkret sahədə mütəxəssis olmaq üçün magistraturada təhsilini davam edə bilər. Bəs ölkəmizdə magistratura üzrə təhsilə maraq nə yerdədir?

 

Məsələ ilə bağlı təhsil eksperti Qoşqar Məhərrəmov İnformator.az-a açıqlamasında suallarımızı cavablandırıb.

 

“Azərbaycanda magistr təhsilinə maraq çoxdur. Lakin sonuncu kurs bakalavr tələbələrin əldə etdikləri məlumat onları yayındırır”.

 

Ekspertin sözlərinə görə, sonuncu kurs bakalavr tələbələri elə düşünür ki, magistr tələbələrinin əksəriyyəti elə bakalavr təhsil pilləsində əldə etdikləri dərsləri keçir, yeni nəsə keçilmir.

 

“Halbuki magistr sözünün mənası “ustalaşmaq” deməkdir. “Bakalavr təhsil pilləsində oxuyan tələbə ümumi sahə üzrə təhsil alır. Amma magistr təhsilində isə tələbələr ustalaşa bilmədiyi üçün təhsilini yarıda qoyur, yaxud təhsildən tamamilə imtina edirlər”.

 

Qoşar Məhərrəmov düşünür ki, bir neçə ali təhsil müəssisələrinin bəzi ixtisasları istisna olmaqla, Azərbaycanda magistr təhsili çox şey vəd etmir.

 

“Əgər kiçik bir tədqiqat aparılsa, məsələn, tələbələr arasında sorğu edilsə, cavablardan bilinər ki, bakalavr təhsilinə daha ciddi, magistrə isə qeyri-ciddi yanaşılır”, - deyə ekspert əlavə edib.

 

Sayad Qoşnalıyeva