Bu gün onların günüdür-Kəlbəcərli jurnalist doğma yurdundan danışır

Bölmə: Sosial › ,
Tarix: 19:40 25.11.2023

Bu gün - noyabrın 25-i Kəlbəcər Şəhəri Günüdür.

 

İnformator.az xəbər verir ki, Azərbaycanda Kəlbəcər Şəhəri Günü ilk dəfədir qeyd olunur. Kəlbəcərin azad edilməsi Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin siyasi liderliyi, sərkərdəlik qabiliyyəti və Azərbaycan Ordusunun Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatları nəticəsində mümkün olub.

 

Məsələ ilə bağlı Tanınmış jurnalist Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı İnformator.az-a açıqlamasında təəssüratlarını bölüşüb.

 

"İlk növbədə hər kəsi təbrik edirəm. Nə yaxşı ki, işğaldan azad olunan bölgələrimiz sırasında Kəlbəcər də yer alır. Kəlbəcər mənim üçün müqəddəs, bənzərsiz, əvəzolunmaz bir yerdir. Mənim uşaqlığım keçib, Kəlbəcərdə qohumlarım dəfn olunub. Kəlbəcər mənim ata-anamın öz övladlarını xoşbəxt şəkildə böyütdüyü ve sona çatdıra bilmədiyi bir yerdir. Nəhayət, Kəlbəcər mənim üçün həm də ona görə müqəddəsdir ki, Kəlbəcərin hər daşının, hər qaydasının, hər dağının arxasından bir şəhid boylanır. Çünki torpaqlarımız məhs şəhidlərimizin qanı bahasına, canı bahasına işğaldan azad olundu".

 

Elşad Eyvazlının sözlərinə görə, Kəlbəcərin işğaldan azad olunması xəbəri digərlərindən xeyli fərqləndi.

 

"Kəlbəcərin işğaldan azad olunması xəbəri digərlərindən bir az fərqli oldu. Çünki 10 gün öncə yəni, noyabrın 15-də Kəlbəcəri ermənilər boşaltmalı idi . Amma ermənilər 10 gün vaxt istədilər. Kəlbəcərin işğaldan azad olunması xəbərini eşitmək mənim üçün möcüzəvi xəbər idi və bu möcüzəni beynim qəbul etmək gücündə deyildi”.

 

Jurnalist deyir ki, o, 30 il müddətdə işğal faktorunun psixoloji basqısı altında yaşayıb.

 

“İşğaldan azad olunma xəbərini eşidəndə hamını qucaqlayıb təbrik edirdim. Həmçinin özümü də təbrik etdim. Mən Kəlbəcərdən çıxanda 20 yaşım vardı. Bu xəbəri eşidəndə düşünürdüm ki, artıq 21 yaşındayam. Sanki, Kəlbəcərdən çıxdıqdan sonrakı zaman dayanıb və mən həyatımı 21 yaşımdan etibarən, yenə davam etdirəcəm".

 

Elşad Eyvazlı qeyd edir ki, Kəlbəcərli olaraq Kəlbəcərdə yaşamaq onun ən böyük arzusu və istəyidir.

 

"Jurnalistika elə bir peşə sahəsinə çevrilib ki, Bakıda oturub Vaşinqtonda jurnalistlik etmək mümkündür və yaxud da Kəlbəcərdə oturub Bakıda. Ona görə də böyük məmnuniyyətlə, həvəslə və arzu ilə oturub gözləyirik ki, xəbər gəlsin və deyilsin ki, siz Kəlbəcərə köçürsünuz. Düşünürəm ki, Kəlbəcərdə mövzu daha çox olacaq, Kəlbəcərdə yaradıcılıq daha güclü olacaq. Sağlamlıq və uzunömürlülük olacaq".

 

Aydan İsayeva