AQTA yoxlama keçirdi, nöqsanlar aşkarlandı-AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 20:37 25.11.2023
Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri bir neçə gün öncə paytaxt ərazisində fəaliyyət göstərən dönərxanalarda plandankənar yoxlamalar aparıb.
İnformator.az xəbər verir ki, satışa çıxarılan çiy və bişmiş ətdən və obyektdə fəaliyyət göstərən işçilərin avadanlıqlarından nümunələr götürülüb, labaratoriyaya göndərilib. Yoxlama nəticələrinə əsasən 8 dönər evində orqanizm üçün zərərli bakteriyalar aşkar edilib.
Məsələ ilə bağlı AQTA-nın mətbuat katibi İlkin Kərimov açıqlamasında deyir ki, Bakı şəhərində manitorinqlər aparılıb, ümumilikdə 107 toyuq əti və 102 mal əti olmaqla, ümumilikdə 209 dönərdən nümunələr götürülüb.
“Artıq nəticələr var və qeyd edim ki, analizlərin cavabı mənfi çıxan o cümlədən müxtəlif bakteryalar və uyğunsuzluqlar aşkarlanan dönərxanlardan AQTA-nın müfəttişləri tərəfindən məhdudlaşdırıcı qərarlar qəbul edilib”.
Fəaliyyəti dayandırılan dönərxanalar paytaxtın Binəqədi, Qaradağ, Nərimanov, Sabunçu, Nizami, Suraxanı və Nəsimi rayon ərazisində yerləşir. Maraqlısı odur ki, əksəriyyəti heç də ucuz dönərlərin satıldığı yerlər deyil.
Sahibkar Aytən Yorulmaz isə deyir ki, dönər ətlərimiz sertifikatla gəlir, yoxlanışlar bizdə də yoxlanışlar oldu , getdi həm ət, həm də toyuq məhsulumuz, dönərimiz yoxlanışa getdi və şükür Allaha heç nə çıxmadı.
“Bu cür yoxlanışların olması əslində bizə də xeyirdir”.
Sahibkar Pünhan Əhmədlinin sözlərinə görə isə əsas keyfiyyətdir.
“Keyfiyyət olandan sonra biz rahat işləyirik. Qidadan da gəldilər, hər bir sertifikatımız var, yoxlanışdan da keçmişik tərtəmiz”.
Qeyd edək ki, işini düzgün qurmayan, fəaliyyəti zamanı nöqsanlara yol verən sahibkarlar ən yaxşı halda inzibati xətalar məcəlləsinin 220, 444, 447-ci maddələrinə uyğun olaraq 50 manatdan 6 min manatadək cərimə olunurlar. Xəbərdarlıqlara məhəl qoymayanların fəaliyyəti isə bir aylıq müddətə məhdudlaşdılır.
Gündüz Vaqifoğlu