Yeni il turlarındakı qiymətlər- Bahalaşma müşahidə olunur?
Bölmə: Sosial › ,Tarix: 21:23 11.12.2023
Yeni ili Şuşada keçirmək üçün təşkil olunan qiymətlərdə həddən çox bahalıq müşahidə olunur.
Məsələni informator.az-a şərh edən turizm eksperti Ceyhun Aşurov bildirib ki, ümumi olaraq Şuşaya səfərlər var, qiymətlər təyin olunub, amma bunlar xüsusi marşrutlarla, nəzarət altında həyata keçirilir.
" Turizm şirkətləri də bu icazəni təbii ki, ala bilirlər. Yeni ili Şuşada keçirmək mümkündür".
Ekspert deyir ki, qiymətlər qiymət bazarına uyğun olaraq formalaşır.
"Qiymətlərin formalaşmasına gəldikdə isə, ola bilər ki, bu qiymətlər qeyri-peşəkar formada paylaşılıb. Bizim digər regionlarda da otellərdə yeni ildə bu tip yüksək qiymətlər təklif olunur. Yəni buna tələbat olduğu üçün bu cür təkliflər edirlər və maraqlısı da odur ki, onların özlərinin alıcıları var".
Ceyhun Aşurovun sözlərinə görə, digər regionlarda olan yeni il şənliklərinə aid olan həmin o proqram paketlərində satışlar var və bunun olduğuna görə də qiymətlərin kəskin düşəcəyini biz gözləmirik.
"Baxmayaraq ki, həmin büdcəyə xaricə yeni il tədbirlərinə getmək mümkündür, amma seçim olaraq bizim yerli otellərdə də yeni il tədbirlərinə qatılmaq istəyən insanlar var. Əslində bazara baxanda görürük ki, bu cür yeni il təklifləri onlarladır. Amma yüzlərlə bəlkə də insan regionlarda istirahət etmək istəyir".
Ekspert qeyd edir ki, ümumi olaraq xaricə gedən Azərbaycanlıların sayı hər zaman gələnlərdən daha çox olub və sərhədlərin bağlı olduğunu nəzərə alsaq, yenə də biz daxili tələbatın yüksək olduğu qənaətinə gəlmək olar.
" Bu mənada radio tələbat hazırda yüksəkdir və bu kimi turların reallaşması da, qanunsuz deyil".
Ceyhun Aşurov həmçinin onu da qeyd edir ki, bu qiymətləri ödəyənlər varsa, deməli bazar şərtlərində normal hesab olunur.
" Düzdür, bir çox insanlar üçün bunlar bahalıdır, təəssüflər olsun ki, seçim imkanları azdır. Bununla bağlı təkliflər azdır. Amma onların da öz alıcıları var".
Aynur Babayeva