Qaz təhlükəsizliyinə nəzarət edilmir-Ekspert

Bölmə: Sosial › ,
Tarix: 22:26 12.12.2023

Dekabrın 10-da Ceyranbatan qəsəbəsində kombi aparatında partlayış baş verib.
Bəzən ən təhlükəsiz hesab edilən qurğularda  belə qaz sızması ola bilər.

Təhlükəsizlik eksperti Nüsrət Qasımov bu haqda informator.az- a  açıqlama edib.
Ekspert qeyd edir ki, kombi cihazları avtomatik cihazlardır və çox təhlükəsizdirlər.

 


"Məsələ burasındadır ki, sızma onlara gedən qaz xəttində ola bilər. Bu da çox güman ki, zəlzələ ilə əlaqəli olur. Çünki zəlzələ vaxtı qaz kəmərlərində boşalma əmələ gələ bilir və sızma da ondan yaranır".

 

Müsahib deyir ki, qaz təchizatı ilə məşğul olan strukturalar, müəyyən cihazlar var, hansı ki onlar qaz sızması ehtimalının olub-olmadığını müəyyən edir.

 

 

"Zəlzələdən sonra hər bir mənzildə qazın sızma ehtimalına qarşı bu cihazlarla yoxlanış aparılmalıdır. Bu aparılmadığı zaman, əhali təhlükəylə üz-üzə qalır".



Nüsrət Qasımov bildirib ki, sovet dönəmində olduğu kimi ayda bir dəfə qaz kəmərləri yoxlanılmalıdır.

 


"Yeni, keyfiyyəti yüksək cihazlara güvənərək 6 aydan bir yoxlama qərarı alınıb. Amma bu da həyata keçirilmir.
Azəriqazın nümayəndəsi də deyib ki, biz ancaq sayğaca görə məsuliyyət daşıyırıq. Sayğaca görə məsuliyyət daşınırsa, bəs, qaz kəmərlərinin 6 aydan bir yoxlanması? Abonentlərin maarifləndirilməsi, təlimatlandırılması?  Tüstü ocaqlarının tənzimlənməsi, vintizilizasiya kanallarının təmizlənməsi, əhaliyə praktiki olaraq xidmət göstərilməsi? Bu məsələlər kənarda qalıb".

 


Müsahibin sözlərinə görə, əhali  yüksək təhlükə mənbəyi ilə baş-başadır.

 


"Bu boşluqdan istifadə edirlər, səhlənkarlıq baş alıb gedir. Əhali istədiyi kimi qaz cihazlarından istifadə edir, naşı ustalara iş gördürür,rezin borularla qaz kəmərləri çəkilir,nəzarətsizliyə görə bu və bunun kimi xoşagəlməz hallara tez-tez rast gəlinir".

Ekspert həmçinin bildirir ki, bu qədər yüksək yüksək təhlükə mənbəyi olan təhlükəni əhali ilə baş-başa qoymaq, düzgün deyil.


"Hər zəlzələdən sonra və ildə iki dəfə yoxlanış aparılmalıdır. Yay aylarında bilirsiz ki, istidə bərk cisimlər genişlər, soyuqda isə yığışır. Buna görə də çatlar və qaz sızması halları çoxala bilər. Bu daimi nəzarətdə saxlanılmalıdır".


Nüsrət Qasımov təəssüf hissi ilə vurğulayır ki, indi hamı özünü sığortalayıb,məsuliyyətdən qaçmağa çalışır, qaz qanunlarına heç kəs riayət etmir.

 


" Qazın təchizatçısı, bütün respublikada Azəriqazdır. Azəriqaz da bu işlə məşğul olmur. Azəriqaz maarifləndirməsə, əhali hardan bilsin ki, dəmqazı nədir? Nədən yaranır? Onunla necə mübarizə aparmaq lazımdır? Adi mağazalarda dedektorlar satırlar, bu dedektorlar məcburi quraşdırılmalıdır, qaz yanan otaqlarda dedektorlar olmalıdır. Təhlükə zamanı bu dedektorlar səs siqnalı verir".



Ekspert sonda onu da qeyd edir ki, sertifakatı,lisenziyası olmayan adamlara qaz cihazları əmanət etmək olmaz. Bir nəfərin özbaşınalığı sayəsində partlayış olarsa, ətraf qonşular, hətta küçədən keçənlər də yüksək təhlükə ilə üzbəüz qalırlar. Qaz təhlükəsizliyinə ciddi nəzarət edilməlidir.

Gülay Qəribova