İntihar sağlam və rasional olmayan düşüncələrin məhsuludur-Psixoloq
Bölmə: Sosial › ,Tarix: 22:32 12.12.2023
Günümüzün əsas problemlərindən biri də intihardır. İnsanların bir hissəsi "qurtuluş" yolu axtararkən intihara sığınırlar.
Bəs dövrümüzün bəlasına çevrilən intiharın Azərbaycanda baş vermə səbəbi nələrdir? Onları intihara aparan faktorlara nələr daxildir?
Sorğumuzda iştirak edən 132 nəfər sayəsində buna fikir yürütmək mümkündür. Belə ki, nəticələrə əsasən, Azərbaycanda intiharın əsas səbəbini 33% ilə ailəiçi təzyiq, ardınca isə, 24% ilə travma təşkil edir.
İnformator.az-ın qonağı klinik psixoloq Fuad Əsədov intihar və onun səbəblərindən belə bəhs edib:
"Ümumiyyətlə, intihar hal hazırda bütün dünyada geniş yayılıb və ölümə səbəb olan faktorlar içində ən geniş yayılanlardandır. İnsanlar nəyə görə intihar edirlər? İntihar edən insanların 90%-də psixoloji pozuntu, 10%-in əhvali-ruhiyyəsində psixoloji qeyri-sabitliyin olduğu aşkarlanıb. Nəzərə almalıyıq ki, 10%-də ümumiyyətlə, psixoloq, yaxud psixiatr qəbulunda olmadığından qeydə alınmayan insanlar da var. Bu istisnaları kənara qoysaq, deyə bilərik ki, intihar hər zaman psixoloji pozuntunun nəticəsidir və bu, demək olar ki, hər zaman sağlam və rasional olmayan düşüncələrin məhsuludur".
Statistikanı nümunə gətirən müsahibimiz cinslərə görə intiharların sayını qeyd edib:
"Məsələn, statistikaya əsasən, intihar kişilərdə qadınlardan daha çox rast gəlinir, amma intihar cəhdi qadınlarda kişilərdən daha çoxdur. Qadınlar intihara kişilərdən daha çox cəhd edirlər, lakin fiziki ölümlə başa çatan intiharlar kişilərdə daha çoxdur".
Psixoloq həmçinin qəbul edilən maddə və içkilərin də intihara səbəb ola biləcəyindən danışıb:
"İntihar edənlərin əsas qismi alkoqol və maddə istifadəçiləri, hətta alkoqol və ya maddədən asılı olurlar. Həmin maddələr onların psixologiyasına mənfi təsir göstərir, sağlam düşünmək qabiliyyətlərinə, həmçinin bədənlərinə zərər vurur və nəticədə, onlar da intihara yönəlirlər".
Fuad Əsədov müxtəlif psixoloji pozuntu və problemlərin də intihara səbəb ola biləcəyindən bəhs edib:
"Bəhs etdiklərim xaricində şəxsiyyət pozuntuların, xüsusilə, "borderline" pozuntusunun olması da müşahidə edilən əlamətlərə daxildir.
Müsahib qeyd edir ki, depressiya da önəmli faktorlardandır.
"Depressiya səbəbindən intihar edənlərin sayı 90%-dən yuxarıdır. Təbii ki, bu miqdar ölkələrə görə fərqlilik göstərir. Məsələn, bəzilərində 50%-60% təşkil edərkən, bəzilərində 90%-ə qədər qalxa bilir. Bundan başqa, müşahidələr ailəsindən ayrılmış, ayrılıq, itki və ya boşanma yaşamış insanların da intihar etmə riskinin olduğunu göstərir. Həmçinin hər hansı sosial dəstəyi olmayan, özünü yalnız hiss edən, dəstəksiz qalan şəxslər də intihara meylli ola bilirlər".
Aydan Qasımova