Dərsliklər səhvlərlə doludur? -Elm və Təhsil Nazirliyi Açıqladı
Bölmə: Sosial › ,Tarix: 22:54 12.12.2023
Dərsliklərlə bağlı saytımıza daha bir irad daxil olub.
Elm və Təhsil Nazirliyinin verdiyi açıqlama ilə iradın haqsız olduğu görülür.
İradda Azərbaycan dili dərsliyində "işıqfor" sözü əvəzinə "svetofor" sözündən istifadə edilməsi, "bir azdan" sözünün bitişik yazılması qeyd olunub.
Müəllim Nigar Əhmədova (ad şərtidir) düşünür ki, " svetafor" əvəzinə, öz dilimizdə olan sözlər işlənsə, daha yaxşı olar.
Müəllim qeyd edib ki, əgər hansısa dəyişiklik olarsa, dərsliklər də yenilənməlidir.
Elm və Təhsil Nazirliyindən saytımıza bildirilən açıqlamada qeyd edilir ki, hazırda istifadədə olan Azərbaycan dilinin izahlı lüğətində hər iki söz “işıqfor” və "svetofor" var.
Bununla yanaşı, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda da yalnız “svetofor” sözü istifadə olunduğundan dərslikdə yer alması məqsədəuyğundur.
Açıqlamada əlavə edilib ki, dərslikdə “bir azdan” sözünün birlikdə yazılması I sinif “Azərbaycan dili” dərsliyinin hazırlandığı dövrdə istifadədə olan Azərbaycan dilinin orfoqrafiya lüğətində həmin sözün birlikdə yazılmasından irəli gəlir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 fevral tarixli 67 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Qaydası”na əsasən dərsliklər hazırlandığı ildən 4 il müddətinə istifadədə olduğunu nəzərə alaraq cari ildə dərslik üzərində düzəliş ediləcək.
Nəzrin Mirzəyeva