Cəmiyyət olaraq biz toy və yas mərasimlərinin tərtibatını dəyişdirməliyik-ETİRAZ
Bölmə: Sosial › ,Tarix: 10:20 13.12.2023
"Toy və yas sahibləri yığılan puldan vergi verməlidir. Onlar bu məclislər hesabına öz büdcəsini doldurur, yəni ailəyə əlavə gəlir daxil olur".- yazıçı-kulturoloq Aydın Xan Əbilov bildirib.
Məsələ ilə bağlı sosioloq Üzeyir Şəfiyev informator.az-a açıqlamasında bildirib ki, toy sahiblərinin şadlıq evləri və mərasim zallarına ödədiyi pullar əsasında şadlıq evləri və mərasim zalları onsuz vergi ödəyir.
" Bəs sözü gedən təklifi edənlər toy xərcləri, mərasim xərclərini ödəyə bilməyib borclanan toy sahibləri, hüzr sahiblərinin bu durumunun sığortalanmasının fərqindədirmi"?!
Sosioloq qeyd edir ki, toy və yas mərasimlərindən toy və mərasim sahibləri deyil, şadllq və mərasim evlərinin sahibləri yalnız qazanclı çıxır.
" Ona görə də cəmiyyət olaraq biz toy və yas mərasimlərinin tərtibatını dəyişdirməliyik. İsrafçılığı azaltmalıyıq, təmtəraqdan, qonşudan geri qalmamaq prinspindən əl çəkməliyik, toylarımızı və hüzr məclislərimizi göstəri xatirinə etməməliyik. Toy və yas sahiblərinə gerçək dəstək yollarını tapmalıyıq".
Üzeyir Şəfiyev deyir ki, necə ki, əvvəllər azərbaycanlıların arxetipində, ənənələrində mövcud olmuş dəstək nümunələri olub, onlara qayıtmaq lazımdır.
"Toyu və hüzrü olan insanların yanında olmalıyıq. Bugünkü toy və hüzr mərasimlərində isə biz təəsüf ki, istəmədən belə toy və mərasim zallarının sahibkarları olan işbazların yanındayıq ".
Sosioloqun sözlərinə görə, cəmiyyət mərasimlərlə bağlı islah işləri aparmalıdır.
" İlk örnəyi imkanlı şəxslər göstərməlidir. Belə ki, onlar daha təvazökar toy və hüzr məclisləri keçirməlidir ki, orta və aşağı təbəqə də onlardan örnək götürsünlər. Yeri gəlmişkən, belə örnəklər göstərən məmurlarımız vardır. Ancaq bu proses kütləvi olmalıdır ki, ənənə şəklini ala bilsin".
Aynur Babayeva