Qohum evlilikləri genetik xəstəliklərin geniş yayılmasına əsas səbəbdir -Ekspert açıqladı
Bölmə: Sosial › ,Tarix: 19:04 14.12.2023
"Azərbaycanda qohum evliliyinin çox olması genetik xəstəliklərin geniş yayılmasının əsas səbəbidir". Bu sözləri İnformator.az-a açıqlamasında Sağlam Cəmiyyət Hərəkatının eksperti Lalə Mehralı deyib.
"İnsanlar öz əmisi oğlu, bibisi qızı, dayısı oğlu, xalası qızı ilə evlənmənin gələcək uşaqları üçün zərərli ola biləcəyini başa düşməzdən əvvəl, genetikanın nə olduğunu, ailələrdə xəstəliklərin necə baş verdiyini başa düşməlidirlər. Azərbaycanda qohum evliliyinin çox olması genetik xəstəliklərin geniş yayılmasının əsas səbəbidir. Bu xəstəliklər arasında beta talassemiya, metabolik xəstəliklər, əzələ distrofiyaları, aralıq qızdırması daha çox yayılıb. Çünki ölkəmizdə bağlanan hər 100 nikahdan 20-si qohum nikahıdır ".
Lalə xanım bildirib ki, dünyada da qohum nikahların sayı getdikcə artır.
"Dünyada da qohum nikahların sayı getdikcə artır. Dünya üzrə bağlanan nikahların 20 faizi qohumluq əlaqələri olan nikahlardır. Faiz nisbəti ilə götürsək hər il dünyada doğulan körpələrin 8.5 faizi qohum nikahlarından doğulan körpələrdir. Azərbaycan kimi qohum nikahlara üstünlük verən ölkələrdə fiziki qüsurlu uşaqların doğulma tezliyinə də sıx-sıx rastlanır".
Ekspert qeyd edib ki, çox vaxt tərəflər qohumluq əlaqələrinin daha da möhkəmlənməsi üçün qohum nikaha üstünlük verirlər.
"Ölkəmizdə qohum nikahları bir çox səbəbdən bağlanır. Birinci səbəbi qohumdan qız almaqla evdə sabitliyi qorumaqdır. Belə düşünülür ki, əgər qohumdan qız alınsa evdə qaynana-gəlin konfilikti olmaz. İkinci səbəbi odur ki, qohumla qohum olanda toy və nişan qiymətlərində güzəşt olunur. Qohumdan alınan qız bahalı kürk istəməyə, brilliant qaşlı boyunbağı istəməyə utanır. Qızın ailəsi oğlan tərəfin daha dəbdəbəli toy etməsini tələb etmir, oğlan evi daha cah-cəlallı cehiz istəmir, çünki arada qohumluq var, çəkinirlər. Üçüncü bir səbəb də odur ki, tərəflər qohumluq əlaqələrinin daha da möhkəmlənməsi üçün qohum nikaha üstünlük verirlər".
Lalə xanımın sözlərinə görə, problem o qədər böyükdür ki, həlli hardasa mümkün deyil.
"Çünki insanlar qohum nikahların fəsadları barədə məlumatlı deyil, xəbərdarlıqlara məhəl qoymurlar. Azərbaycanda 500 min əlil insandan 200 min nəfəri məhz qohum nikahlarından doğulanlardır. Bu insanların günahı nədir? Savadsız valideynin cəzasını körpələri çəkir. Qohum nikahlar bacı-qardaş evliliyi hesab edilir. Çünki onlar eyni genin daşıyıcılarıdır. İrsi xəstəliklər də məhz bu qohum nikahlarından sonra inkişaf edir".
Ekspert son olaraq bildirib ki, Problemin həlli yalnız məcburi qaydada mümkündür. Qadağa tətbiq edilməsə bizim ölkədə də vəziyyət kritik olacaq. Çoxdan qadağa tətbiq etmək lazım idi.
Aydan İsayeva