Təhsil sahəsində 2023-ci ilin önəmli hadisələri-Ekspertdən AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 22:18 14.12.2023
2023-cü ilin bitməsinə az vaxt qalıb. Bu il ərzində bir çox sahələrdə, o cümlədən, təhsil sahəsində önəmli hadisələr baş verib, yeni uğurlar əldə edilib.
Bu haqda informator.az- a açıqlama edən təhsil eksperti Qoşqar Məhərrəmov düşünür ki, 2023-cü ilin əsas təhsil hadisəsi Qarabağ Universitetinin yaradılmasıdır, çünki Qarabağda bir universitetin qurulması, həmin universitetdə açılacaq ixtisaslar, həm Qarabağa "Böyük Qayıdış"ın bir hissəsi olması, həm də orada canlanma yaranması baxımından önəmli məsələdir.
"2023-cü ildə təhsil sahəsi üzrə ən önəmli hadisələrdən biri də sertifikasiya 2-ci dəfə kəsilən müəllimlərin aqibətinin necə olacağı məsələsi idi.
Çünki Azərbaycanın təhsil tarixində ilk dəfə idi ki, qane etməyən göstəricilərə görə, müəllimlər vəzifələrindən azad olunurdular".
Ekspert bildirib ki, azad olunan müəllimlərin başqa vəzifələrə təyin olunması da bu il təhsil sahəsində ən önəmli məqamlardan biri idi.
"Çünki bir çox insan həmin müəllimlərin işsiz qalma ehtimalı ilə bağlı narahatlıq, təşviş içində idi. Ancaq Nazirlik buna bir həll yolu tapdı və onları məktəblərdə öz baza təhsillərinə uyğun olaraq işlə təmin etdi.
Digər məsələ isə Azərbaycanda əvvəl yaradılıb, amma tam təşəkküllü fəaliyyətə başlamayan 2 agentlik- Məktəbəqədər və Ümum Təhsil üzrə Dövlət Agentliyi və Elm və Ali Təhsil Agentliyi var idi . Bu iki agentliyin fəaliyyətə başlaması, rəhbərlərinin təyin, komandalarının müəyyən olunması da bu il təhsil sahəsi üzrə önəmli məqamdır".
Qoşqar Məhərrəmovun sözlərinə görə, 5 yanvar tarixində "Steam İnnovasiya Mərkəzi" nin açılması da ölkəmiz üçün vacib hadisədir, artıq məktəblər də bundan istifadə edə bilir.
Nəzrin Mirzəyeva