Uşaqlarda yuxu probleminin səbəbləri -Pediatr açıqladı
Bölmə: Sosial › ,Tarix: 19:43 15.12.2023
"Uşaqlarda yuxu problemlərinin səbəbi hər yaş qrupuna görə fərqlidir". Bu sözləri İnformator.az-a açıqlamasında Pediatr allerqoloq Xəyalə Quliyeva deyib.
"Ümumiyyətlə yuxu problemlərinin səbəbi hər yaşa görə fərqlidir. Məsələn ilk 4-6 ayda uşaqlarda yuxu problemlərinin, yuxusuzluğun, gecə yaxud gündüz yata bilməməyin səbəbi əsasən infantil kolik yəni qaz, köp sancısı ilə bağlı olur. Uşaq narahat olduğu üçün yata bilmir və bu problemi yaşayır .
Bundan başqa ilk 4-6 ayda yuxu problemlərinin digər səbəbi uşaqlarda süd protein allergiyası ola bilər ki, bu halda da uşaq narahat olur, qaşınır və nəticədə yata bilmir.
Əlavə olaraq uşaqlarda müxtəlif virus infeksiyaları, yüksək temperatur zamanı yuxu problemləri ola bilər. Otit yəni qulaq ağrısı, reflü, D vitamini azlığı da yuxu probleminə yol aça bilər".
Pediatr qeyd edir ki, 6 aydan sonra, 2 yaşa qədər yuxu problemlərinin əsas səbəbi uşaqlarda diş çıxarma ilə bağlıdır.
" Uşaqlarda 2 yaşda artıq 20 diş olmalıdır və uşaq hər dəfə diş çıxardıqca yuxu problemi yaşayacaq. Əgər dişi gec çıxarıbsa məsələn ilk dişi 1 yaşında çıxıbsa belə olduqda həmin 20 dişin çıxma müddəti 2.5-3 yaşa qədər çəkə bilər bu halda da yuxu probleminin müddəti uzanmış olur.
6 aydan böyük uşaqlarda qan azlığı problemləri, qidalanma ilə bağlı problemlər də yuxu pozuntularına səbəb ola bilər".
Xəyalə xanım bildirib ki, axşam saatlarında uşaqlara ağır qidaların verilməsi də yuxularının pozulmasına səbəb ola bilər.
" Əgər uşaq gün ərzində normal qidalanmırsa məsələn, axşam saat 9 da ana uşağa ət yeməyi verirsə, bu hal uşağın gecə yuxusunun pozulmasına səbəb olacaqdır. Çünki ətin həzm olunması 3-5 saat çəkir. Bu hal mütəmadi təkrarlanırsa bir müddət sonra mədə bağırsaq problemlərinə səbəb olacaq".
Xəyalə xanımın sözlərinə görə, 9 aydan sonra uşaqları gecə oyatmaq olmaz .
"Gecələr uşağın oyanaraq süd içməsi də yuxu probleminə səbəb ola bilər. 9 aydan sonra bu tərgidilməlidir. Çünki uşaqlarda boy hormonu melatonin gece saat 12-dən 5-ə qədər ifraz olunur.
Əgər uşaq gecə durursa bu hormonun ifrazı kəsilir və kəsintili hormon ifrazı baş verir ki, bu da uşaqlarda boy artımının ləngiməsinə səbəb ola bilir".
Pediatr son olaraq qeyd edib ki, uşaqlarda 2 yaşa kimi yuxusuzluğa görə dərman yazılmır. Bu yaş dövründə yuxusuzluq ayrıca bir xəstəlik kimi deyil, hər-hansı bir xəstəliyin əlaməti kimi qeyd oluna bilər.
Aydan İsayeva