"Heydər Əliyev adına təqaüd"çü Mehrəngiz Qurbanova

Bölmə: Sosial › ,
Tarix: 23:04 15.12.2023

"İnformator.az" saytının növbəti müsahibi "Heydər Əliyev adına təqaüd" mükafatçısı, Bakı Dövlət Universiteti Azərbaycan dili və ədəbiyyatı ixtisasının tələbəsi Mehrəngiz Qurbanovadır.

 

Mehrəngiz Qurbanova kimdir?

 

- 17.07.2005-ci ildə Sumqayıtda doğulmuşam. Mehrəngiz-parlayan, işıq saçan deməkdir. Adımın haqqını verdiyimi düşünürəm.

 

Sumqayıt şəhər “Təfəkkür” liseyinin məzunuyam. 3 dəfə Respublika qalibi olaraq,orta məktəbi xüsusi nümunəli attestatla bitirdim.

 

“Ədəbiyyat biliciləri” müsabiqəsi 1-ci yer, Respublika Fənn Olimpiadalarında Azərbaycan dili və ədbiyyatı fənni üzrə 2-ci yer,“H.Əliyev 98” başlığı altında keçirilmiş “Ən yaxşı təqdimat” müsabiqəsində 3-cü yeri qazandım. AXC-nin 100 illiyinə həsr olunan regional şeir müsabiqəsində gümüş və bürünc medalla təltif olundum. 

 

600+balla Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasını seçib və buna görə də “Gələcəyin müəllimi” təqaüdünü qazandım. H.Əliyevin 100 illiyinə həsr olunan Tələbə Təqaüd proqramında esse müsabiqəsində qalib olaraq 200 AZN təqaüd qazandım.

 

H.Əliyev adına təqaüd ən yüksək ortalaması olan ilk 100 tələbəyə verilib. Ümumi orta müvəffəqiyyət göstəricim (ÜOMG) 98,6-dır. Bu təqaüdə layiq görülən tələbələr sırasında olmaq mənim üçün böyük bir fəxrdir. Bir daha əmin oldum ki, zəhmət çəkən və çalışan insanın zəhməti heç zaman yerdə qalmır. 

 

Hər zaman özümü müəllim kimi görürdüm. 2 il əvvəl 600+balla necə israrla müəllimliyi seçdiyimi xatırlayıram. Düzdür, dəfələrlə fikrimdən döndərməyə çalışdılar, amma bacarmadılar. Universitetə qəbul olduğum ilk gündən Filologiya fakültəsində parlayacağıma bütün qəlbimlə inanırdım. Bəli, tam da arzuladığım, xəyallarını qurduğum və aid olduğum yerdəyəm. Bu seçimim məni çox uğura apardı və inanıram ki, qəlbimdəki ədəbiyyat sevgisi bir gün içimdəki bu qızı-Mehrəngizi yazıçı kimi məşhurlaşdıracaq.

 

Qazandığınız təqaüdü nəyə xərcləyəcəksiniz? 

 

- Aldığım bu təqaüdü də müəllifi olacağım kitaba sərf edəcəyimi düşünürəm.

 

Təqaüdü qazanmağınız xəbəri necə eşitdiniz?

 

- Bu cür mükafat qazanacağıma hər zaman inanırdım. Təqaüd qazandığım xəbərini fakültəmizin dekan müavini Anar müəllimdən aldım. Bu sevincin ardından digər sevindirici xəbər aldım. Bu mənim üçün böyük bir fəxrdir ki, H.Əliyev adına təqaüdü qazanmağım münasibətilə Müəllimlərin 16-cı Qurultayında iştirak etmək hüququ qazandım. Hələ müəllimlik kariyerama başlamadan Müəllimlər qurultayında iştirak edəcəyimə görə özümü çox şanslı hesab edirəm. 

 

Gələcəkdə də özümü müəllim kimi görürəm. Dilimizin qorunması və saflığı uğrunda mübarizə aparan müəllimlər cərgəsində olacağıma, daha da böyük uğurlara imza atacağıma və bir gün yazıçı kimi tanınacağıma inanıram. Gənclərə ancaq bir tövsiyəm var: Hər zaman öz xəyallarınızın arxasınca gedin. Öz gələcəyinizi yazarkən qələmi başqalarının tutmasına icazə verməyin.

 

Asiman Hafizqızı