Uşaqlar tədris prosesində kişi müəllimlər də görməlidir -Ekspert
Bölmə: Sosial › ,Tarix: 23:34 15.12.2023
"Kişilərin pedaqoji ixtisasda az təmsil olması təbii ki 1990-cı illərin əvvəllərindən başladı. Bu da əməkhaqqı azlığından başlayan bir problem idi ki, daha çox əməkhaqqı qazanan başqa sahələrə yönləndirildi. Bu tendensiya ildən-ilə daha da davam etdi". Bu sözləri informator.az-a açıqlamasında təhsil eksperti Elçin Süleymanov bildirib.
Ekspert deyir ki, əslində son illərdə xüsusilə müəllimlərin işə qəbul imtahanlarında artıq oğlanların da pedaqoji ixtisaslara yönəlməsinə şahid oluruq.
"Həm pedaqoji ixtisaslara əlavə təqaüdlərin verilməsi, eyni zamanda sertifikasiyadan keçən müəllimlərin əməkhaqqısının artırılması və s. artıq yavaş-yavaş kişi müəllimlərin geri dönməsini ehtiva edir".
Elçin Süleymanov qeyd edir ki, bu çox ciddi bir məsələdir, yəni müəyyən bir il qadın müəllimlərin sayının çox olmasının şagirdlərin psixologiyasına da təsiri olur.
"Ona görə burda balans qorunmalıdır. Qadınlar da yaxşı müəllimdir, anadır, amma müəyyən qədər uşaqlar tədris prosesində kişi müəllimlər də görməlidir".
Ekspert düşünür ki, artıq tendensiya geri dönür.
"Yavaş-yavaş kişilər pedaqoji sahəyə yönəlir. Xüsusilə Bakı məktəblərində artım dinamikası göstərilir".
Elçin Süleymanov deyir ki, işğaldan azad olunmuş regionların dirçəlişi prosesində kişi müəllimlər yenə həvəslə pedaqoji fəaliyyətlə məşğul olacaqlar və bu da gənclərimizin vətənpərvərlik duyğuları ilə yetişməsində pay olacaq.
Ekspertin sözlərinə görə, kişilərin məktəbə qayıtması üçün ayrıca bir proqrama yaxud dəstəyə ehtiyac yoxdur.
"Ümumi olaraq qeyd etdiyim nüanslar prosesi avtomatik tənzimləyəcək. Yəni burda müəyyən bir vaxtdan sonra artıq biz kişi müəllimlərin artım nisbətini görə biləcəyik. Bunun üstünlük təşkil etməsi çox da uyğun olmaz, amma ən az 30-35% olması yetərli olar".
Aynur Babayeva