Müəllim hazırlığının keyfiyyəti necə yüksəldilə bilər?-Ekspertdən AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 23:45 15.12.2023
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycan müəllimlərinin XVI Qurultayında çıxışı zamanı bildirib ki, müəllim hazırlığının keyfiyyətini yüksəltmədən, təhsilin məzmununu yeniləmədən, təlim metodlarını təkmilləşdirmədən, qabaqcıl beynəlxalq təcrübəni öyrənib tətbiq etmədən təhsil sahəsində inkişafa nail olmaq mümkün deyil.
Hansı metodları nəzərdə tutulur?
Müəllim hazırlığının keyfiyyəti necə yüksəldilə bilər?
Beynəlxalq təcrübə nəyə əsaslanır?
İnformator.az-a açıqlama edən təhsil eksperti Elçin Əfəndi Məleykə Abbaszadənin fikirləri ilə razı olduğunu qeyd edib.
" Çünki biz nə qədər peşəkar müəllim hazırlayarıqsa, təhsilin keyfiyyəti də o qədər yüksələr, dünyanın hər bir ölkəsində bu belədir.
Qeyd edim ki, müvafiq olaraq, təhsil sahəsində, xüsusilə, ümumi orta təhsildə hal-hazırda tətbiq etdiyimiz kurikulum, rəqəmsal inkişaf və s metodları var, bunların hər birinin araşdırılaraq tətbiq olunması məqsədəuyğundur.
Əlbəttə, belə olduğu halda bu tətbiq etmələr vahid, milli bir kurikulumun yaranmasına səbəb olacaq, bunun üçün müəyyən qədər zaman lazımdır".
Ekspert bildirib ki, müəllim hazırlığının keyfiyyətini yüksəltmək üçün müəllimlər müasir çağırışlara cavab verməlidir, eyni zamanda onların təkmilləşməsinə , vahid standartlar əsasında bilik və bacarıqların formalaşmasına təkan verilməlidir.
"Təbii ki, müəllimdən də çox məqam asılıdır. Onlar özlərini inkişaf etdirməldirlər. Xüsusilə, informasiyanın inkişaf etdiyi dövrdə müəllimlərdən bu sahədə müvafiq biliklər tələb olunur. Hal-hazırda smart lövhələrdən, texnologiyadan istifadə olunursa, təbii ki, burada kadr seçimi düzgün olmalıdır".
Elçin Əfəndi əlavə edib ki, kadrların da hazırlanması üçün isə ilk növbədə ali təhsil müəssisələrini inkişaf etdirməli, müəllimlərin təlimə cəlb olunmalıdır.
"Beynəlxalq təcrübədə də dediklərimin əsasında kadrların hazırlanması həyata keçirilir və qabaqcıl təhsil, standartlarının, strategiyalarının tətbiqinə üstünlük verilir. Düşünürəm ki, zamanla bizdə də eyni proses həyata keçiriləcək.
Dövlət olaraq təkcə təhsil sferasında yox, digər sferalarda da 30, 40 il lazımdır ki, özümüz vahid sistem yaradaq və bu sistem üzərindən inkişafımızı bərqərar edək, əlbəttə, bunların başında təhsil dayanır".
Təhsil nə qədər inkişaf edərsə, digər istiqamətlərə də öz təsirini göstərə bilər- deyə ekspert fikirlərini tamamlayıb.
Nəzrin Mirzəyeva