Keyfiyyətli təhsil olmadan elm inkişaf edə bilməz-Rizvan Fikrətoğlu

Bölmə: Sosial › ,
Tarix: 16:35 16.12.2023

Bakı Konqres Mərkəzində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan müəllimlərinin XVI qurultayı keçirilib.

 

"İki gün davam edən qurultayda mən də iştirak etdim. Demək olar ki, təhsilin bütün sahə və istiqamətləri ümumi sessiyada və panellərdə müzakirə olundu".-Bu fikirləri informator.az-a açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu bildirib.

 

Təhsil eksperti qeyd edir ki, bu qurultayı elm, təhsil camiəsi üçün kifayət qədər vacib və əlamətdar hadisə saya bilərik. 

 

"Azərbaycan müəllimlərinin XVI qurultayı Ümummilli lider Heydər Əliyevin 100 illiyində baş tutması və eləcə də ərazi bütövlüyümüz tam təmin edilib, işğaldan azad edilmiş rayonlardakı məktəblərin müəllimlərinin də qurultaya qoşulması qürurverici idi".

 

Müsahib eyni zamanda qeyd edir ki, elm və təhsilə dair diqqətə çatdırılan mövzular XXI əsrin çağırışlarına cavab verir.

 

"Odur ki, bu günün təhsili daha dinamik olmalı, zamanın tələbləri ilə çevik şəkildə ayaqlaşmalıdır. Biz həmçinin dünya təhsil sistemində inteqrasiyadan geri qalmamalıyıq".

 

Rizvan Fikrətoğlu deyir ki, bizim başlıca məramımız təhsilin məzmununa müasir yanaşmanı təmin etməkdir.

 

"Özümün iştirak etdiyim panel isə elmin ali təhsilə inteqrasiyası ilə bağlı idi. Buradaca qeyd etmək lazımdır ki, panel müzakirələri əvvəlki qurultaylarda olmayıb və bu yenilik olduqca müsbət haldır".

 

 Ekspertin sözlərinə görə, keyfiyyətli təhsil olmadan elm inkişaf edə bilməz.

 

"Bu iki istiqamət bir-birinə sıx bağlı şəkildə inkişaf etməlidir. İnteqrasiya həmişə olub. Sadəcə baxmaq lazımdır ki, irəliləyişə necə təsir edir. Elə formalar tapmaq lazımdır ki, inkişafyönümlü olsun və dövrün tələblərini ödəyə bilsin".

 

Rizvan Fikrətoğlu əlavə edir ki, elmin kommersiyalaşması üzərində də çalışılmalıdır.

 

"Fakültələr, kafedralar özləri qazanıb maddi rifahlarını yaxşılaşdırmalıdırlar. Təkcə baza maliyyələşməsi üzrə yox, həm də şaxələndirilmiş maliyyələşməyə diqqət ayırmalıdır".

 

Ekspert son olaraq qeyd edir ki, əsası 1906-cı ildə qoyulan və 5 ildən bir keçirilən bu qurultay növbəti illər üçün yeni hədəflər və istiqamətlər müəyyənləşdirmiş oldu.

 

Gülay Qəribova