Yeni sürət qatarları istifadəyə veriləcək

Bölmə: Sosial › ,
Tarix: 12:30 18.12.2023

Dəmiryollarında yeni sürət qatarları istifadəyə veriləcək. Bu gün təqdimatı keçirilən qatarların bəzi xüsusiyyətləri var. 

 

Azərbaycanla İsveçrə arasında imzalanan müqaviləyə əsasən alınan yeni elektrik sürət qatarları Bakı Dəmiryol Vağzalına gətirilib.

 

 

"Həmin qatarlar birmərtəbəli, beş vaqondan ibarətdir. Onların növündən asılı olaraq 236-270 oturacaqdan ibarətdir. Qatarlarda birinci sinif sərnişinlər üçün oturacaq və standart sərnişinlər üçün oturacaqlar mövcuddur". Bu sözləri "ADY" QSC-nin Sərnişindaşıma Departamentinin icraçı direktoru Azər Fərəcov bildirib.

 

Azər Fərəcov qeyd edib ki, bu qatarlar ən yeni müasir texnologiyalara uyğun yığılmışdır və ən müasir təhlükəsizliyə cavab verən "BLOK-5" mexanizminə malikdir.

 

Qatarlarda internetdən də istifadə etmək mümkün olacaq. Quraşdırılmış multimedia sistemi isə sərnişinlərə səyahət zamanı müxtəlif əyləncəli proqramları izləmək imkanı yaradacaq.

 

Bu qatarın daha bir üstün cəhəti də bar-vaqon salonuna malik olmasıdır. Belə ki, səfər zamanı sərnişinlər bu hissəyə yaxınlaşaraq isti və soyuq içkilər,həmçinin qəlyənaltılar əldə edə bilərlər.

 

 

"ADY" QSC-nin mətbuat katibi Sənubər Nəzərova bildirib ki, qatarların istifadəyə verilmə tarixi də müəyyənləşib.

 

"Bu qatarlar bir neçə ay Azərbaycan Dəmir Yollarının yol infrastrukturuna uyğun test edildikdən sonra, 2024-cü ilin yazından etibarən, istismara qəbul olunacaq. Qatarların hərəkət istiqaməti əsasən regionlar arasında nəzərdə tutulub. Regionlarda həm işlək olan Bakı-Qəbələ-Bakı, Bakı-Ağstafa-Bakı, o cümlədən bəzi hallarda Abşeron dairəvi üzrə. Növbəti il üçün sərnişin daşımada daha bir neçə marşrut açılarsa, həmin yollar üzrə də onların hərəkəti təmin ediləcək".

 

Yeniliklərdən biri də budur ki, sərnişinlər artıq velosipedlə qatara daxil ola biləcəklər. Belə ki, onlar velosipedlərini bu bu hissəyə yerləşdirdikdən sonra, səfərlərinə davam edə bilərlər. Qatarlarda fiziki məhdudiyyətli şəxslər üçün xüsusi sanitar qovşaq da nəzərdə tutulub. Eləcə də, sərnişinlər ev heyvanları ilə bu qatarlara daxil ola biləcəklər. Bunun üçün heyvanın xüsusi qəfəsinin olması kifayətdir. Azərbaycanın İsveçrədən aldığı 4 elektrik və 4 dizel qatarının da ilin sonuna Bakıya gətirilməsi planlaşdırılır.

 

Fidan