Azərbaycanın işğaldan azad edilən ərazilərində ictimai nəqliyyat olacaq-AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 21:51 18.12.2023
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ictimai nəqliyyatın olması Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin diqqət mərkəzindədir.
Bunu “Azərbaycanda mobilliyin transformasiyası proqramı”nın təqdimatında nazir müavini Rəhman Hümmətov bildirib.
"Artıq Laçın rayonu üzrə, o cümlədən Laçın-Zabux istiqaməti üzrə planlar hazırdır. Həmçinin, Şuşa şəhəri ilə bağlı addımlar atılır"-deyə o qeyd edib.
Nəqliyyat eksperti Elməddin Muradlı saytımıza açıqlamasında qeyd edib ki, bu məsələ ilə bağlı müxtəlif layihələr var və bir neçə istiqamətdə qurulub.
"Ağdam-Füzuli istiqamətində, eyni zamanda Şuşaya səfərlər təşkil olunur. Və əlavə olaraq, Laçın şəhərində sərnişin daşıma xidmətinin təşkili müzakirə mövzusudur.
Laçın şəhərində avtobus və yaxud mikroavtobuslar xidmət göstərəcək ki, o baxımdan digər ərazilərdə də bunun mümkünlüyü qeyd oluna bilər".
Ekspertin sözlərinə görə, hazırda Zəngilan rayonunun Ağalı kəndində yaşayış var, bununla bağlı addımlar atıla bilər.
"Bununla bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən də müxtəlif layihələr müzakirə olunur və gələn ildən yeni marşrut xətlərinin açılması təmin ediləcək. Avtovağzalda həmin bölgələr istiqamətinə hərəkətinə rəsmi qayda da qrafiklə təmin olacaq. Qrafik üzrə hərəkət özü də üstünlükdür".
Elməddin Muradlı sonda bildirib ki, bununla bağlı yaşayış səviyyəsinə uyğun addımların atılmalıdır.
Çimnaz Məmmədova