Uşaqları erkən yaş dövrlərindən fəaliyyət sahələrinə yönləndirmək olar-Nabat Mirzəyeva

Bölmə: Sosial › ,
Tarix: 22:46 18.12.2023

Azərbaycanda müəllimlərin XVI qurultayı keçirilib. Qurultayda uşaqların erkən yaş dövründən inkişaf etdirilməsinin vacibliyini nəzərə alaraq, məktəbəqədər təhsil məzmunun təkmilləşdirilməsi kimi mövzulara yer verilib.

Uşaqlar erkən yaş dövrlərindən necə inkişaf etdirilə bilər?


Məktəbəqədər təhsilin bunda rolu nədir?


Psixoloq Nabat Mirzəyeva informator.az- açıqlamasında suallarımızı cavablandırıb. Psixoloq qeyd edib ki, internet və sosyal medyanın da təsiri ilə bir çox uşaqda asososiallıq yaranıb.



‘’Uşaqların erkən yaş dövründən inkişaf etdirilməsinin tərəfdarıyam. Çünki, biz hal-hazırda elektron bir dövrdə yaşayırıq.
15-30 il bundan öncəki dövrlər uşaqların daha çox  sosiallaşdığı dövrlər  idi.  Ancaq indiki dövrdə təəssüflər olsun ki, bir çox uşaqda asosiallıq yaranır.


İnternet və sosial şəbəkələr bu asosiallığın yaranma səbəblərindəndir.


Uşaqlar özlərini dərk etmədən qabaq belə artıq əllərində telefon olur. Mən deyərdim ki, bu artıq qlobal bir problemdir.
Təbii ki, valideynlər də buna səbəb ola bilir’’.



Psixoloq uşaqların erkən yaşlarından müxtəlif  məşğuliyyət sahələrinə göndərməyin əhəmiyyətlərini vurğulayıb:



‘’Uşaqları erkən yaş dövrlərindən inkişaf etməsi üçün şahmat, gimnastika və.s kimi fəaliyyət sahələrinə yönləndirmək olar. Elmlə məşğul olan uşaq azyaşlı olmasına baxmayaraq, öz gələcəyini qurmaqla məşğuldur və bu valideynlərin nəzarəti ilə olmalıdır. Valideynlər sözsüz ki, burada önəm kəsb edir’’.



Müsahib uşaqların üzərinə həddindən artıq dərəcədə yüklənməyin zərərləri ilə bağlı da fikirlərini bildirib:



‘’İstər məktəbəqədər hazırlıq, istərsə də, azyaşlı uşaqların məşğul olduğu digər fəaliyyət sahələri olsun, valideyn əgər uşağın üzərinə  həddindən artıq dərəcədə düşərək bütün zamanını ona sərf etməsinə  səbəb olarsa, bu azyaşlıya mənfi təsir göstərəcək.


Uşağın özü, ailə üzvləri ilə yaxud dostları ilə keçirəcəyi vaxt əlindən alınarsa, bu artıq uşaqda məşğul olacağı elm sahəsinə belə marağının azalmasına  səbəb ola bilər. Erkən yaş dövrlərindən uşağı marağı olduğu idman,rəsm şahmat kimi sahələrə qoymaq olar.

Lakin mütləq şəkildə onu yormadan, özü ilə keçirəcəyi vaxtı əlindən almadan, hər şeyi çərçivələnəcək bir şəkildə uşaqların inkişafı üçün hər bir şeyi edə bilərik. Bu onların gələcəyi üçün xeyirlidir’’.



Nabat Mirzəyeva sonda uşaqların özləri, ailələri, dostları ilə keçirəcəkləri vaxtdan məhrum edilməməli olduqlarını, uşaqların uşaqlıqlarının əlindən alınmamalı olduğunu qeyd edib.



‘’Məktəbəqədər təhsildə də  uşağın üzərinə həddindən artıq dərəcədə yüklənməməliyik. Biz əgər qarşımızdakının uşaq olduğunu unutsaq, ona həddindən artıq dərəcədə yüklənsək, o sözsüz ki, edəcəyi dərslərdən,  kənar məşğuliyyətlərdən belə  zövq almayacaq. Belə olan halda bu onu yormağa başlayacaq, gərginləşdirəcək. Uşaqların uşaqlığını əlindən almayacaq şəkildə erkən yaşlardan inkişafın heç bir qorxusu yoxdur.
Əgər uşaq hansısa məşğuliyyət sahəsi ilə məşğul olacaqsa, bu onu uşaqlığından, özü ilə, valideynləri ilə keçirəcəyi, oynayacağı və.s dən kənar qoymamalıdır’’.

Ayaz Zeynalzadə