Yeni avtobus zolaqları
Bölmə: Sosial › ,Tarix: 20:20 19.12.2023
Yeni avtobus zolaqları çəkiləcək. Bu zolaqların hansı istiqamətlərdə təşkil ediləcəyi ilə bağlı layihə hazırlanır. Yeni zolaqların hansı istiqamətlərə çəkiləcəyi hələki müəyyənləşməyib.
Yerüstü Nəqliyyat Agentliyində bununla bağlı müzakirələr aparılır, layihələr hazırlanır. Amma qurum hər bir halda zolaqların əlverişli olduğunu deyir. Xüsusi zolaqlar həm avtobusların hərəkətini asanlaşdırır, həm də sərnişinlər mənzil başına tez çatır. Xüsusilə də Bakı-Sumqayıt yolunda zolaq təşkil edildikdən sonra avtobusların son dayanacağa çatma müddəti ciddi şəkildə qısalıb.
AYNA-nın mətbuat katibi Tural Orucov bildirib ki, bu yol sahəsindən gün ərzində ümumilikdə 37 müntəzəm marşrut xətti üzrə 1800 dəfədən çox avtobus keçir.
"Zolağın tələbinə əməl etməklə 140 minə yaxın ictimai nəqliyyat istifadəçisinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaradılıb. Hazırda əsas problemlərdən biri avtobus zolaqlarına digər nəqliyyat vasitələrinin daxil olmasıdır ki, onlara qarşı da ciddi tədbirlər görüləcək".
Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Rəhman Hümmətov qeyd edib ki, biz hazırda daxili işlər nazirliyi ilə birlikdə bu avtobus zolaqlarına olan girişləri qarşısını kəskin almalıyıq, çünki əks halda bunların effektivliyi itir.
"Hansısa avtobus dayanacağını az qala parklanma yeri kimi istifadə edən nəqliyyat vasitələri var. Qayda pozuntuları ilə bağlı biz əminik ki , daha sərt istər maliyy istərsə də tətbiq edilən ballar baxımından daha sərt addımlar atılmalıdır".
Qeyd edək ki, hazırda Bakıda 21 avtobus zolağı istifadə olunur. Həmin zolaqlarda 180-ə yaxın maşrut xətti üzrə ictimai nəqliyyat vasitəsi rahat hərəkət edir.
Gülnar