Dövlət təkcə öz rəsmi informasiyasının qorunmasına cavabdeh deyil-Arif Əliyev

Bölmə: Sosial › ,
Tarix: 20:37 19.12.2023

İnformasiyanın ən qiymətli resurslardan birinə çevrildiyi müasir dövrdə onun təhlükəsizliyinin təmin edilməsi hər bir dövlət, struktur və ya fərdi istifadəçi üçün mühüm əhəmiyyət daşıyır. 

 

Media eksperti Arif Əliyev, Azərbaycanda informasiya təhlükəsizliyi haqqında informator.az-a açıqlama verib və bildirib ki, informasiya təhlükəsizliyi məsələlərinin Azərbaycanın üçün prioritet məsələlərdən biri olduğu şəksizdir. 

 

"Özünüz nəticə çıxarın: bu gün informasiya təhlükəsizliyinin təmin olunmasına yönəldilmiş müddəalar 15-dək qanunumuzda, çoxlu sayda sərəncam və fərmanlarda əksini tapıb, hətta bu sahədə bir sıra dövlət standartları müəyyənləşdirilib. Bakıda informasiya təhlükəsizliyi mövzusunda çoxlu sayda yerli və beynəlxalq tədbirlər keçirilir. Onların səmərəsi olurmu? Əlbəttə, olur, amma dövlət resurslarının müdafiəsi səviyyəsində. Bu səviyyədə hətta problemlə mərkəzləşdirilmiş şəkildə məşğul olan bizə bəlli və qeyri-bəlli strukturlar var. Fərdi şəxslər və ictimai institutlar, o cümlədən media isə özlərinin informasiya təhlükəsizliyini təmin etməkdə həm kadrlar, həm mexanizmlər, həm də maliyyə cəhətdən ciddi çətinlik çəkirlər". 

 

Ekspert qeyd edir ki, onlar hətta dövlət strukturlarından da çox təhdidlərə məruz qalırlar, çünki bu məsələdə öz doğma dövlətləri də onlara ciddi təhlükə mənbəyi ola bilər. 

 

"Məsələn, məlumat bazasına sanksiyasız müdaxilə edər, yazışmalarına, telefon danışıqlarına nəzarət qoyar. Digər böyük təhdidlər nəhənğ sosial şəbəkələrdən gəlir: onlar fərdi məlumatları satır, icazəsiz istədikləri kimi istifadə edir, bizə əsassız bloklar qoyur, yayımı məhdudlaşdırırlar. Belə hallarla mübarizə aparmaq getdikcə çətinləşir. Təkcə ona görə yox ki, "informasiya oğruları" süni intellektdən istifadə etməyə başlayırlar, həm də ona görə ki, öz dövlət sistemlərimiz bizdən informasiya "sağmağa", əvəzində isə öz fəaliyyətləri haqqında məlumatları bizdən gizlətməyə kökləniblər. Məhkəmələr də bu işdə canla-başla onlara kömək edirlər".

 

Arif Əliyev təəssüf hissi ilə bildirir ki, bu əsl təhlükə mənbəyidir.

 

"Ümumiyyətlə, bizdə "informasiya təhlükəsizliyi" anlayışı çox bəsit qavranılır. Başa düşmürlər ki, burada söhbət yalnız xakerlərdən müdafiədən getmir. İnformasiya təhlükəsizliyi bir halda məlumatın qorunmasını, digər halda onun dərhal açıqlanmasını tələb edir".

 

Ekspert onu da bildirib ki, dövlət təkcə öz rəsmi informasiyanın qorunmasına cavabdeh deyil, o, fərdi məlumatların və medianın informasiya resurslarının təhlükəsizliyini təmin etmək üçün də məsuliyyət daşıyır.

 

Gülay Qəribova