Köçkün məktəbləri
Bölmə: Sosial › ,Tarix: 21:39 19.12.2023
Böyük qayıdışla əlaqədar bir neçə məktəbdə ibtidai sinifdən qəbul dayandırılıb, proses davam edəcək. Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, tədricən köçkün məktəbləri işğal dövründən öncə olduğu kimi Qarabağda fəaliyyət göstərəcək. Bəs boşalan məktəb binalarının sonrakı aqibəti necə olacaq?
Şuşalı müəllim Türkan Məmmədova deyir ki, bizim üçün, doğma yurddan ayrılmaq, sevdiyimiz şagirdlərdən ayrılmaq əvvəl bizim üçün çox çətin oldu.
"İşlədiyimiz kollektivdən ayrılmaq bizim üçün çətin oldu. Çünki, biz parçalandıq, məktəb olaraq parçalandıq, amma sonradan yavaş yavaş özümüzü bərpa elədik. Amma bu o demək deyil ki, biz bu illər ərzində yurdumuzu unutduq, o doğma yurda qovuşmaq həsrəti ilə yaşadıq. Həsrətlə o günü gözləyirəm ki, yenidən Şuşaya qayıdım, məktəbdə öz müəllimlik fəaliyyətimi davam etdirim".
Vəfa Əliyeva isə köçkünlük dövründə müəllimlik peşəsinə yiyələnib. Buna baxmayaraq deyir ki, təhsilalanların qarşısına Qarabağda çıxmaq istəyirəm.
"Mən Şuşadan çıxanda 5 yaşım var idi, amma artıq 31 ildən sonra doğma vətənə qayıtmaq bir müəllim olaraq çox qürurverici anlardır. Müəllimlər həmişə deyirlər ki, Şuşada çox məktəb olub, məktəblərdə ədəbi gecələr keçirirdik, yəni söhbət edərkən onlar keçmişdən çox yaxşı danışırlar. Biz də həmişə planlaşdırırdıq ki, inşallah Şuşa işğaldan azad olunsun çiyin-çiyinə çalışaraq sizin elədiyiniz o vaxtkı işləri birlikdə davam elətdirərik. Həmişə biz bunu istəmişik. Orada fəaliyyətimizi daha yaxşı yöndə davam etdirəcəyimizə inanıram".
Təhsil üzrə ekspert Elçin Əfəndi qeyd edir ki, təbii ki, biz yenə də əhalinin sıx olduğu yerlərdə olan məktəbləri yeni məktəb adı ilə hər hansı məktəb açıb vətəndaşların ixtiyarına verəcəyik.
"Eyni zamanda bilirsiniz ki, bağçaların sayı, dövlət bağçalarının sayında məhdudiyyət var. Bu nöqteyi nəzərən düşünürəm ki, bəzi müəssisələrində də təbii ki, dövlət bağçalarının ixtiyarına verilməsi hesablanmış addım olar".
Bu prosesin paytaxt məktəblərində sıxlığı aradan qaldırmaqla yanaşı, həm də təhsilin inkişafına müsbət təsir göstərəcəyi proqnozlaşdırılır.
Gündüz