Avtobuslarda gediş haqqı bank kartları ilə də ödəniləcək

Bölmə: Sosial › ,
Tarix: 22:05 19.12.2023

"Azərbaycan da mobilliyin transformasiyası proqramı" nın təqdimatında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Azərbaycanın ictimai nəqliyyatda bütün növ ödəniş vasitələrindən istifadəyə imkan yaratmaq məqsədi ilə mövcud nağdsız ödəniş sistemi üzərində təkmilləşdirilmə işləri aparıldığını bildirib.

 

Mövzu ilə bağlı informator.az-a acıqlama verən nəqliyyat eksperti Rauf Ağamirzəyev bu addımın müsbət bir hal olduğunu və ödəniş risklərini minimumlaşdırdığını söyləyib.

 

"Ümumiyyətlə ictimai nəqliyyatda ödəniş çeşidlərinin çox olması müsbət haldır. Siz bir karta bağlı qalmırsınız. Bank kartları ilə ödənişin olması sizin nağd pulunuz olmadıqda, ya da bakıkartda gediş haqqınız olmadıqda belə bank kartı ilə ödəniş edib rahat səfərinizi təşkil edə bilərsiniz". 

 

Ekspert düşünür ki, biz bu məsələləri gecikdiririk və artıq yeni alternativlər də olmalıdır. 

 

"İndi ki halda bizim bir bakıkartımız var. Amma alternativ başqa ödəniş sistemimiz QR kod formalaşdırıb və yenidən onu oxutdurmaqdısa, bu ciddi bir alternativ deyil. Biz yenə həmin bakıkarta bağlı oluruq".

 

Rauf Ağamirzəyev deyir ki, bu məsələlərin daha sürətli həllinə ehtiyac var.

 

"Çünki bizdə ilk nağdsız ödəniş 8 il bundan öncə başlayıb.Yəni 8 il müddət keçib və biz onun yeni alternativini hələ indi eşidirik ki, gələn ildən həyata keçiriləcək. Ümumi olaraq müsbət hadisədir və çeşidlərinin sayını artırmaq lazımdır".

 

Müsahib bunun başqa vasitələrlə də sayını artmağın mümkün olduğunu düşünür. 

 

"Yeni NFC texnologiyalar işə düşəndən sonra telefonla, bank kartları ilə, saatla da ödəniş gündəmə gələcək və bu da insanlar üçün daha rahat olacaq".

 

Natavan Həsənova