STEAM mərkəzlərinin artırılması bu sahədə uğurları da artıracaq-Elşən Qafarov
Bölmə: Sosial › ,Tarix: 22:22 19.12.2023
2023-2024-cü tədris ili üzrə 396 məktəb STEAM layihəsinə cəlb olunub.
STEAM Azərbaycan" layihəsinin rəhbəri İqrar Nəzərov Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Müəllimlərinin XVI Qurultayının İnnovativ layihələr: STEAM Rəqsəmsal bacarıqlar panelində çıxışı zamanı məlumat verib ki, cəlb olunan 396 məktəbdən 175-i region məktəblərin payına, 221-i isə Bakı məktəblərinin payına düşür.
Məktəblər tərəfindən həyata keçirilən STEAM təhsilinin ən vacib fərqi, dil və təhsil ilə yanaşı, sənəti və dizaynı təhsil modelinin ayrılmaz hissəsi halına gətirməsidir.
STEAM məktəbləri ana dili, xarici dil, sənət və dizayn təhsilini bu vahid təhsilin ayrılmaz bir hissəsi olaraq görür və tələbələrini bu vizyonla böyüdürlər.
STEAM təhsili təhsilə layihə əsaslı, praktik, fənlərarası yanaşma təklif edir.
İnformator.az - a açıqlama edən təhsil eksperti Elşən Qafarov qeyd edib ki,Həm beynəlxalq təcrübədə, həm də ölkəmizdə təhsilə yeni yanaşmalar var, bu yanaşmalardan biri də rəqəmsal biliklərin, bacarıqların şagirdlərə aşılanmasıdır.
"Artıq bununla bağlı ölkə məktəblərində "STEAM Azərbaycan" layihəsi tətbiq olunur və ildən-ilə də bunların sayı artır.
Rayonlarımızda STEAM mərkəzləri istifadəyə verilir.
Əlavə vəsait tələb edən layihədir, amma eyni zamanda ölkədə əhatəsi genişləndikcə biz orta məktəb məzunlarının sənəd qəbulu zamanıı daha çox İnformasiya Mühəndisliyinə, Kompüter mühəndisliyinə və s bu kimi sahələrə sənəd qəbulunda artım müşahidə olunur".
Ekspert hesab edir ki, bu layihənin tətbiq olunduğu son illərdə nəticəsinin müsbət olması layihənin əhatəsinin daha da genişləndirilməsinə ehtiyac yaradır.
"Mərkəz məktəblərinin, STEAM mərkəzlərinin sayının artırılması hal-hazırda bu sahədə uğurları daha da artıracaq.
Zamanla ölkənin bütün məktəblərində STEAM və rəqəmsal bacarıqların tədrisinin təşkili vacibdir, bu sahədə kadr hazırlığı məsələsi də genişləndirilməlidir.
Bununla yanaşı, əlavə təhsil vasitəsilə müəllimlərimizin rəqəmsal bacarıqlarının inkişafı ilə bağlı müxtəlif layihələr həyata keçirilməlidir, baxmayaraq ki, bu sahədə təlimlərimiz var, amma əhatəsini genişləndirmək lazımdır.
Hal- hazırda ölkədə STEAM layihəsinə cəlb olunan məktəblərin sayı 396-dır. Bu da ölkə üzrə məktəblərin 8-9% -i təşkil edir.
Bu da kiçik rəqəmdir, bu gün təhsilə ayrılan müdcənin miqdarı, eləcə də imkanlarımız mərkəzlərin sayının artmasına yol verir. Ümumi olaraq, 4432 məktəb var, bunun 114- ü ibtidai məktəbdir".
Elşən Qafarov sonda bildirib ki, STEAM mərkəzlərinin sayının artırılması üçün əlavə tədbirlərin görülməsinə ehtiyac var.
Nəzrin Mirzəyeva